...

Qoran Breqoviç: “Mayın 3-də sizinlə Bakıdakı görüşümü səbirsizliklə gözləyirəm!” (VİDEO)

Mədəniyyət Materials 28 Mart 2018 11:55 (UTC +04:00)
Mayın 3-də Heydər Əliyev Mərkəzində konserti keçiriləcək məşhur bəstəkar və ifaçı Qoran Breqoviç Azərbaycandakı tamaşaçılarına videomüraciət ünvanlayıb.
Qoran Breqoviç: “Mayın 3-də sizinlə Bakıdakı görüşümü səbirsizliklə gözləyirəm!” (VİDEO)

Bakı. Trend:

Mayın 3-də Heydər Əliyev Mərkəzində konserti keçiriləcək məşhur bəstəkar və ifaçı Qoran Breqoviç Azərbaycandakı tamaşaçılarına videomüraciət ünvanlayıb.

Trend-in məlumatına görə, o, pərəstişkarlarını salamlayaraq, Bakıdakı görüşü səbirsizliklə gözlədiyini bildirib. Məşhur bəstəkar və ifaçı Bakıda verəcəyi ilk konsertdə rəhbərlik etdiyi orkestrin müşayiəti ilə çıxış edəcəyini xəbər verib və hər kəsi konsertə dəvət edib.

Qoran Breqoviç Heydər Əliyev Mərkəzində baş tutacaq konsertində məşhur filmlərə yazdığı, eləcə də dünyada populyarlıq qazanmış mahnılarını səsləndirəcək.

Qoran Breqoviç haqqında maraqlı faktlar:

Uşaqlıq illərində “istedadsızdır” deyilərək musiqi məktəbindən qovulub. Anası ona gitara bağışlayandan sonra Qoranın həyatı dəyişir. O, 1970-ci illərdə bir neçə musiqi qrupunda çıxış edir. Amma məşhurluğu yaratdığı “Bijelo dugme” (“Ağ düymə”) adlı rok qrupunda qazanır.

1980-ci illərin sonunda kinorejissor Emiro Kusturitsa Qoran Breqoviçi “Qaraçıların zamanı” (“Time of the Gypsies”) filminə musiqi yazmağa dəvət edir. Bu filmdən sonra iki istedadlı insanın iş birliyi uğurla davam edir.

“The Telegraph” qəzeti Qoran Breqoviçin rejissor Emir Kusturitsanın Kann festivalında mükafat almış “Yeraltı” (“Underground”) filminə yazdığı musiqiləri kinematoqrafiya tarixində 100 ən yaxşı musiqi sırasına daxil edib. Breqoviçin musiqi yazdığı, fransız rejissor Patris Şeronun “Kraliça Marqo” (“La Reine Margot”) filmi isə Kann festivalında iki mükafata layiq görülüb.

O, həmçinin 2010-ci ildə Serbiyanı “Eurovision” Mahnı Müsabiqəsində təmsil edən Milan Stankoviçin “Ово jе Бaлкан” (“Bura Balkandır”) mahnısının müəllifidir.

Dünya şöhrətli bəstəkar və ifaçı bu günədək Sezariya Evora, İqqi Pop, Adriano Çelentano, Sezen Aksu, Kaya və digər məşhur müğənnilərlə birgə çalışıb.

20 ildən artıq müddətdə bütün qitələrdə konsert verən Qoran Breqoviç indiyədək 3000-dən çox şou təqdim edib.

Bu günlərdə Fransa, Çexiya və digər ölkələrdə konsert verən Breqoviçin növbəti konserti isə mayın 3-də Heydər Əliyev Mərkəzində olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti