...

Gənc Tamaşaçılar Teatrı Vladiqafqazda qastrol səfərindədir (FOTO)

Mədəniyyət Materials 3 May 2018 22:25 (UTC +04:00)
ADGGT Şimali Osetiyanın Vladiqafqaz şəhərində qastrol səfərindədir
Gənc Tamaşaçılar Teatrı Vladiqafqazda qastrol səfərindədir (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) Şimali Osetiyanın Vladiqafqaz şəhərində qastrol səfərindədir.

Teatrdan Trend-ə verilən məlumata görə, müqaviləyə uyğun olaraq ADGTT bu il may ayının 1-6 tarixlərində Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində fəaliyyət göstərən Akademik Milli Dövlət Dram teatrının qonağıdır və kollektiv görkəmli Azərbaycan ədibi A.Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə Osetiyanın teatrın səhnəsində çıxış edir. Teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirib ki, teatr sənətimizin müqtədir sənətkarları Hüseyn Ərəblinski və Abbas Mirzə Şərifzadədən sonra bu şəhərdə Azərbaycan teatrının heç bir truppası səfərdə olmayıb: "Uzun fasilədən sonra bu şəhərdə Azərbaycan teatrını təmsil etdiyimizdən çox məmnunuq".

Qeyd edək ki, ADGTT dünyanın bir sıra teatrları ilə, eləcə də Rusiya Federasiyasının tərkibində fəaliyyət göstərən xarici ölkə teatr kollektivləri ilə “qarşılıqlı qastrol səfərlərinə dair” yaradıcılıq müqavilələri imzalayıb. Öz növbəsində Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı Bakıya səfər edərək may ayının 12-19 tarixlərində Azərbaycanda keçiriləcək III Beynəlxalq Şəki Teatr festivalı çərçivəsində 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq. Teatr həm festivalın proqramında, həm də festival başa çatandan sonra Bakıda qastrol səfərini davam etdirərək, V.Korostılevin “Vova möcüzələr ölkəsində” tamaşasını ADGTT-nın səhnəsində nümayiş etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti