...

Aprel şəhidi Murad Məmmədov haqqında filmin təqdimatı keçirilib (FOTO)

Mədəniyyət Materials 4 May 2018 15:26 (UTC +04:00)
Nizami Kino evində 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Murad Məmmədovun həyat və döyüş yolundan bəhs edən “Şərəfli ad” sənədli filminin təqdimat mərasimi keçirilib
Aprel şəhidi Murad Məmmədov haqqında filmin təqdimatı keçirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Nizami Kino evində 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Murad Məmmədovun həyat və döyüş yolundan bəhs edən “Şərəfli ad” sənədli filminin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, jurnalist Vüqar Əsgərovun ssenarisi, rejissor Zamin Məmmədovun quruluşu əsasında ekranlaşdırılmış filmin təqdimat mərasimində Murad Məmmədovun ailə üzvləri, döyüş yoldaşları, Qarabağ döyüşlərinin veteranları, media təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Film barədə məlumat verən jurnalist V.Əsgərov bildirib ki, sənədli filmin ərsəyə gətirilməsi üçün Sumqayıtda, Hacı Zeynalabdin qəsəbəsində, Biləsuvarda, Cəlilabadda çəkilişlər aparılıb, şəhid haqqında məlumatlar toplanılıb.

Şəhidin qardaşı, hərbçi Rahim Məmmədov Muradla fəxr etdiyini, Azərbaycanın qəhrəman oğullarının ruhu qarşısında baş əydiyini bildirib, şəhid qardaşı kimi son damla qanına qədər torpaqlarımızın azad olunması uğrunda döyüşəcəyini bildirib.

Daha sonra film izləyicilərə təqdim edilib. Filmdə şəhid anasının çəkdiyi iztirabları, şəhid atasının övlad itkisinin yanğısına rəğmən qürurverici məzmunda çıxışı yer alıb. Sənədli filmdə şəhidin döyüş yoldaşlarının Murad Məmmədovun vətənpərvərlik mövqeyi haqqında fikirləri, M. Məmmədovun vətənpərvərliyindən onlarla hərbçinin qürurlandığı qeyd edilib.

Filmin təqdimatının sonunda şəhidin atası Vaqif Məmmədov tədbir iştirakçılarına və bu filmin hazırlanmasında əməyi olan hər kəsə təşəkkür edib.

Digər çıxışçılar da filmin əhəmiyyətindən danışaraq onun vətənpərvərlik ruhunun inkişafında xüsusi rol oynacağını qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti