Bakı. Trend:
Seulda Azərbaycanın Koreyadakı səfirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi, Koreya Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan - Koreya milli geyimlərinin dəfiləsi keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Bakı milli geyim evinin modelyeri Könül Vəlibəyli tərəfindən hazırlanmış milli geyimlərimiz, eləcə də Koreya milli geyimlərinin modelyeri Ham Yun-conq (Ham Eun-jeong) tərəfindən hazırlanmış Koreya milli geyimləri nümayiş etdirilib.
Tədbirdə Seulda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Koreyada fəaliyyət göstərən nüfuzlu şirkətlərin, Koreya KİV-lərin, ali təhsil ocaqlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Rəmzi Teymurov Azərbaycan dövlətçilik tarixində əlamətdar hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunduğunu, 28 may 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etdiyini, müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycanın mövcudiyyətini cəmi 23 ay qoruya bilməsinə baxmayaraq, Azərbaycan xalqının azadlıq ideyalarını və müstəqillik arzusunun sarsılmadığını və 1991-ci ildə dövlətimizin öz müstəqilliyini yenidən bərpa etdiyini qonaqların diqqətinə çatdırıb.
Səfir R.Teymurov, eyni zamanda, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. O, mədəniyyəti, təbii sərvərləri və insan resursları ilə zəngin Azərbaycanın həm iqtisadi, həm də hərbi baxımdan regionun ən güclü ölkəsinə çevrildiyini vurğulayıb. O, Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində ölkəmizin Koreya da daxil olmaqla, dünyanın demək olar ki bütün ölkələri ilə dostluq münasibətlərini qurmağa nail olduğunu və bu dostluq əlaqələri nəticəsində Azərbaycanın ikitərəfli əlaqələri genişləndirmək və möhkəmləndirmək siyasətini rəhbər tutduğunu bildirib.
O, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Seulda bir sıra silsilə tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu və həmin tədbirlər çərçivəsində keçirilən Azərbaycan-Koreya milli geyim dəfiləsinin Azərbaycanın zəngin mədəniyyət nümunəsi olan milli geyimlərinin Koreya ictimaiyyətinə təqdim edilməsi üçün əlverişli bir imkan kimi dəyərləndirilib.
Yekunda R.Teymurov Azərbaycan milli geyimləri barədə qonaqlara qısa məlumat verib, milli geyimlərimizin qədim tarixə malik ölkəmizin maddi və intellektual mədəniyyətinin məhsulu olduğunu, günümüzədək gəlib çıxmış milli geyimlərimizin stilinin və xarakterinin əsrlər boyu inkişaf etdirilərək bu günkü formasını aldığını qeyd edib.
Tədbirdə çıxış edən Koreya Mədəniyyət Assosiasiyasının prezidenti Ce-min Conq (Jae-min Jeong) Səfirliyin təşəbbüsü və yaxın əməkdaşlığı nəticəsində həyata keçirilən tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil edildiyini vurğulayıb və bu münasibətlə Azərbaycan dövlətini və xalqını təbrik edib. O, Koreya Mədəniyyət Assosiasiyasının Koreya mədəniyyətinin dünyada, dünya mədəniyyətinin isə Koreyada tanıdılması və təbliğinə xidmət etdiyini, Koreyanın mədəniyyət mübadiləsi yolu ilə digər ölkələrlə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirəcəyini, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil olunmuş bu tədbirin Azərbaycan mədəniyyətini daha yaxından tanımaq üçün bir platforma rolunu oynayacağına ümidvar olduğunu bildirib.
Tədbir Seulun ən çox ziyarət edilən sərgi mərkəzi COEX-də təşkil olunub və sərgi mərkəzini ziyarət edən yüzlərlə insan Azərbaycan-Koreya milli geyim dəfiləsini izləmək imkanı əldə edib.
Tədbirdə Azərbaycan milli geyimləri ilə yanaşı, Azərbaycana dair təbliğat videosu, Azərbaycanın işğal olunmuş ərazilərində olan tarixi abidələr - Şuşa qalası, Ağdam məscidi, Ağdam Çörək Muzeyi, eləcə də ölkəmizin tarixi və mədəniyyət abidələrinin fotoları nümayiş etdirilib.
Tədbirin yekununda səfir R.Teymurov azərbaycanlı və koreyalı modelyerlərə təşəkkür diplomlarını təqdim edib.