Bakı. Trend:
Son illər ölkəmizdə xalçaçılığın inkişafına göstərilən böyük qayğının nəticəsidir ki, respublikamızın bölgələrində xalça istehsalı emalatxanaları yaradılır. Belə emalatxanaları yaratmaq, onları xamalla təmin etmək işin bir tərəfidir. Digər mühüm bir istiqamət isə kadr hazırlığıdır. Toxucu kadrların hazırlanması üçün “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti filialların yaradıldığı şəhər və rayonlarda tədris-hazırlıq kursları təşkil edir.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bu kurslara indiyədək 2 min nəfərdən çox toxucu cəlb olunub. 2016-2017-ci illərdə yaradılan filialların fəaliyyətinin təmin edilməsi məqsədilə Füzuli, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Tovuz, Ağstafa, Qazax və Ağdam rayonlarında tədris-hazırlıq kurları təşkil olunub. Həmin kursları bitirən 1000-ə yaxın toxucuya sertifikat verilərək onlar “Azərxalça”nın filiallarında işlə təmin ediliblər.
“Azərxalça”nın bu il yaradılan daha 10 filialında çalışacaq toxucular da tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Builki kurslara da 1000 nəfərdən çox toxucu cəlb edilib. Artıq onların əksəriyyəti sertifikat alaraq Cəmiyyətin filiallarında fəaliyyətə başlayıblar.
Yaxşı haldır ki, kurslara cəlb edilən toxucuların əksəriyyəti gənclərdir. Gənclərin bu sənətə yönləndirilməsi olduqca vacib və önəmli məsələdir. Çünki xalçaçılıq sənətinin yaşadılması gənclərin bu sənəti davam etdirməsindən asılıdır.
Toxucular bu tədris-hazırlıq kurslarının təşkilindən olduqca razıdırlar. Kürdəmirdəki tədris-hazırlıq kursunda iştirak edən rayonun Şilyan kənd sakini Hürü Hacıyeva deyir ki, onların kəndində qədim vaxtlardan xalça toxunub. Odur ki, kənddəki qadınların çoxu xalça toxumağı bacarır. Ancaq kursda iştirak etdikdən sonra görüblər ki, bu sənətin sirlərinin çoxundan onlar xəbərdar deyilmiş: “Tədris-hazırlıq kursunda bizə təkcə xalça toxumağı öyrətməyiblər. Uzun illərdir, Şilyanda xalça toxusaq da, biz öz kəndimizin belə, xalçaçılıq tarixi haqqında müfəssəl məlumata malik deyildik. Yəni demək istədiyim odur ki, kursda biz xalça toxumaqla yanaşı, həm də xalçaçılıq tariximizi öyrənmişik”.
Qobustanda təşkil olunan tədris-hazırlıq kursunu bitirən Şövkət Cəfərova da bənzər fikirlər səsləndirdi: “Şirvan bölgəsi Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir. Mənim yaşadığım Qobustan şəhərində, dədə-baba yurdumuz olan Çalov və Cəyirli kəndlərində həmişə gözəl xalçalar toxunub. Son vaxtlar xalçaçılığa marağın azalması bu sənətin az qala unudulmasına gətirib çıxarmışdı. Yaşlı nəsil artıq xalça toxumur, gənclər isə öyrənmirdi. Qobustan şəhərində xalça fabrikinin yaradılması qədim el sənətimizi özümüzə qaytardı. Burda təşkil olunan kursda bizimlə bərabər onlarla gənc xalça toxumağı öyrənib. Bu da o deməkdir ki, xalçaçılıq yaşadılacaq, gələcək nəsillərə ötürüləcək. Xalçaçılığa göstərdiyi böyük qayğıya, bizi iş yerləri ilə təmin etdiyinə görə ölkə rəhbərimizə dərin minnətdarlığımızı bildiririk”.
Qeyd etdiyimiz kimi, “Azərxalça”nın tədris-hazırlıq kurslarında gənclər çoxluq təşkil edir. Onlar xalça toxumağı öyrənməkdən çox məmnundurlar. Cəmiyyətin Şabran rayonunda təşkil etdiyi kursun gənc iştirakçısı Rəhimə Əmirovanın dediklərindən: “Əksər kurs yoldaşlarım kimi, mən də xalça toxumağı ilk dəfə burada öyrənmişəm. Doğrudur, kursa gələn elə gənclər var idi ki, onlar hələ yeniyetmə vaxtlarından xalça toxumağa başlayıblar. Xalça toxumağı analarından, nənələrindən öyrəniblər. Ancaq onlar etiraf edirlər ki, bu kursda xalça toxumağı yenidən kəşf ediblər, xalçaçılığın sirlərinə daha dərindən yiyələniblər. Bilirdik ki, kursu uğurla başa vursaq, sertifikat alacaq və Şabrandakı emalatxanada işlə təmin olunacağıq. Tədris-hazırlıq kursunun “Azərxalça”nın böyük iş təcrübəsinə malik, peşəkar xalçaçıları tərəfindən aparılması bizim bu sənətin sirlərini daha tez öyrənməyimizin əsas səbəblərindən biridir. Budur, artıq kurs başa çatıb, sertifikat almışıq və bizi Şabrandakı xalça fabrikində işlə təmin ediblər”.
Qeyd edək ki, tədris-hazırlıq kursları hanalarla, avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilir. Növbəti kurslar da artıq başa çatıb. Bu kurslar öz nəticisini verir. Kursları bitirən, “Azərxalça”nın filiallarında çalışan qadınlar peşəkarlığı ilə seçilir, gözəl xalçalar toxuyurlar.