...

“Azərxalça” ASC-nin Naxçıvan filialında muxtar respublikanın 95 illik yubileyi qeyd olunub (FOTO)

Mədəniyyət Materials 9 Fevral 2019 17:01 (UTC +04:00)
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Naxçıvan filialında muxtar respublikanın 95 illik yubileyi qeyd olunub.
“Azərxalça” ASC-nin Naxçıvan filialında muxtar respublikanın 95 illik yubileyi qeyd olunub (FOTO)

Bakı. Trend:

Fevralın 9-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Naxçıvan filialında muxtar respublikanın 95 illik yubileyi qeyd olunub.

“Azərxalça” ASC-dən Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə qurumun mətbuat katibi Tural Səfərov kollektivi yubiley münasibətilə Səhmdar Cəmiyyətin rəhbərliyi adından təbrik edib.

Filialın direktoru Səriyyə Hüseynova, toxuculardan Günay Quliyeva, Səbiyə İsmayılova çıxış edərək muxtar respublikanın keçdiyi inkişaf yolundan, Azərbaycanda xalçaçılığın inkişafından danışıb, onlara göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə qeyd edilib ki, 1924-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının yaradılması bu qədim diyarımızın Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmasına səbəb olub. Ötən dövr ərzində naxçıvanlılar bu ulu diyarın qorunub saxlanılması, inkişafı üçün var qüvvələri ilə çalışıblar.

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Naxçıvanın inkişafı, muxtariyyət statusunun möhkəmləndirilməsi, əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Azərbaycanı dövlət müstəqilliyinə aparan yol 1990-cı illərin əvvəllərində Naxçıvandan başlayıb. Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda müstəqil dövlət quruculuğu istiqamətində atılan addımlar, qəbul olunan qərarlar bugünkü müstəqilliyimizin və uğurlarımızın təməl daşlarıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun uğurlu rəhbərliyi ilə Naxçıvanda son illər böyük quruculuq proqramı gerçəkləşdirilib, bütün sahələrdə uğurlar qazanılıb.

Bildirilib ki, dövlət başçısının 2016-cı il 5 may tarixli Sərəncamı ilə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanda xalçaçılıq sənətinin yaşadılmasını təmin edir. Son illər aparılan araşdırmalardan sonra qədim xalçaçılıq ənənələri olan bölgələrimiz müəyyənləşdirilib. 2016-2018-ci illərdə “Azərxalça”nın Füzuli, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Ağdam, İsmayıllı, Qəbələ, Quba, Xaçmaz, Kürdəmir, Goranboy, Tərtər, Cəbrayıl, Abşeron, Qobustan, Şabran, Lənkəran və Nardaran filialları fəaliyyətə başlayıb. Naxçıvanın qədim və özünəməxsus xalçaçılıq ənənələri burada “Azərxalça”nın filialının yaradılması zərurətini meydana çıxarıb.

Vurğulanıb ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə inşa edilən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının binasının tikintisi artıq başa çatdırılıb, burada xalça toxunmasına başlanılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Hazırda filialda 80 nəfərə yaxın toxucu çalışır. Bina toxuculuq emalatxanası, inzibati otaq, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur. Burada Naxçıvan qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Filialda işləyən toxucular “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Qeyd olunub ki, Naxçıvan xalçalarının bu diyarın keyfiyyətli yunundan toxunması üçün, muxtar respublika ərazisinin flora ehtiyatları, zəngin təbii boyaq bitkiləri nəzərə alınaraq, burada Regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi yaradılır. Naxçıvanın 95 illik yubileyinin qeyd olunduğu 2019-cu ilin quruculuq ərməğanları sırasında “Azərxalça”nın tədarük məntəqəsi də olacaqdır. “Azərxalça”nın hər iki obyekti – həm xalça emalatxanası, həm də tədarük məntəqəsi çox əlamətdar bir dövrdə fəaliyyətə başlayır. Bunlar Naxçıvanın 95 illik yubileyinə gözəl töhfələrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti