Bakı. Trend:
Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığı və Tailand Krallığının ölkəmizə yeni təyin olunmuş səfirləri ilə görüşüb.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Tailand Krallığının səfiri Phantipha İamsudha Ekarohit ilə keçirilmiş görüşdə iki ölkə arasında mədəniyyət sahəsində mövcud əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə edilib. Səfir qeyd edib ki, ölkəsi Azərbaycan ilə mədəniyyət, incəsənət, kino sahələrində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.
Daha sonra nazir Əbülfəs Qarayev Səudiyyə Ərəbistanının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Həməd bin Abdulla bin Səud bin Xudairi ilə görüşüb.
Azərbaycanın zəngin mədəni irsindən danışan nazir Əbülfəs Qarayev qeyd edib ki, Şərqdə ilk opera, ilk simfonik orkestra məhz Azərbaycanda yaradılıb.
Nazir ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük imkanların olduğunu bildirib.
Səfir də öz növbəsində qeyd edib ki, Azərbaycanla əlaqələr bütün sahələrdə yüksək səviyyədə inkişaf edir.
Tərəflər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mədəniyyət sahəsində əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinə dair müzakirələr aparıb.
Nazir hər iki qonağı 2019-cu ilin may ayında Bakı şəhərində keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev də iştirak edib.