...

Ayan Məmmədli Vyanada daha bir uğura imza atıb

Mədəniyyət Materials 29 Dekabr 2019 21:19 (UTC +04:00)
Bu günlərdə, Avstriyanın Vyana şəhərində F.Şubert adına Konservatoriyanın tələbələrinin 2020-ci ilin gəlişi münasibətilə geniş konserti keçirilib.
Ayan Məmmədli Vyanada daha bir uğura imza atıb

Bakı. Trend:

Bu günlərdə, Avstriyanın Vyana şəhərində F.Şubert adına Konservatoriyanın tələbələrinin 2020-ci ilin gəlişi münasibətilə geniş konserti keçirilib. Sevindirici haldır ki, konsertdə dünyanın Çin, Koreya, Almaniya, Fransa, Serbiya, Türkiyə, Avstriya və digər müxtəlif ölkələrindən olan tələbələr iştirak edib, onların arasında Azərbaycandan olan I kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli də olub.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə məzunu, Avstriyanın Frans Şubert adına Vyana Konservatoriyasında təhsil alan ilk azərbaycanlı tələbə, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli Vyana Konservatoriyasına yüksək balla qəbul olub və onun təhsili bütünlüklə dövlət tərəfindən qarşılanır.

Vyanada konsert salonlarından birində keçirilən konsertdə əsasən böyük klassik Avstriya bəstəkarları olan Şubert, Brams, Bax, Motsart, Haydın və Bethovenin əsərləri simli, nəfəsli alətlərdə, kvartet və xor qrupunun ifasında səsləndirilib.

Konsertdə Ayan Məmmədlinin fortepianoda yeganə solo ifası, hamı tərəfindən böyük rəğbətlə qarşılanıb. Təsadüfi deyil ki, konsertin sonunda F.Şubert adına Konservatoriyanın rektoru Daniela Eqq, professor Lefteris Qriqoriadis və digərləri Ayan Məmmədlinin ifasına böyük dəyər verərək bildiriblər ki, I kurs tələbəsi olmasına baxmayaraq, Ayan son dərəcə professional bir ifa təqdim edib. “Bu da onun mükəmməl baza biliyinə malik olmasının bariz göstəricisidir”, deyə Daniela Eqq vurğulayıb.

Həmyerlimiz Ayan Məmmədlinin təhsil aldığı Avropada qazandığı hər bir uğur, həm də doğma vətənimizin uğurudur. Ümid edirik ki, Ayan Məmmədli kimi istedadlı gənclərimiz dövlətimizin onlara bəslədiyi etimadı hər zaman layiqincə doğruldacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti