...

YARAT Müasir İncəsənət Məkanı 10 illik yubileyini qeyd edir

Mədəniyyət Materials 3 Dekabr 2021 13:31 (UTC +04:00)
YARAT Müasir İncəsənət Məkanı 10 illik yubileyini qeyd edir

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı 10 illik yubileyini qeyd edir! Bu münasibətlə YARAT-ın 10 il ərzində təşkil etdiyi ən əhəmiyyətli layihələri – sərgi, performans, teatr və film nümayişləri, konsert, ustad dərsləri, ədəbiyyat axşamı 1 həftə boyunca təqdim olunacaq. Tədbirlər həftəsinin ilk günündə Daş Salnamə Muzeyində YARAT-ın yubileyinə həsr olunmuş “ÖN SÖZ – ON SÖZ” sərgisinin açılışı, audiovizual performansın nümayişi və İsfar Sarabskinin solo konserti baş tutacaq. Tədbirlər həftəsinin bağlanış mərasimi YARAT haqqında çəkilmiş filmin təqdimatı ilə tamamlanacaq.

2011-ci ildə Aida Mahmudova tərəfindən təsis olunan YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyi, Azərbaycanda müasir incəsənətin təbliğatı və inkişafı ilə məşğul olan və rəssamlar üçün yaradıcı platforma yaratmaq məqsədi ilə fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. 2015-ci ildə açılmış YARAT Mərkəzində ölkənin ən aparıcı müasir rəssamları Faiq Əhməd, Rəşad Ələkbərov, Orxan Hüseynov, Aida Mahmudova ilə yanaşı, dünyaca məşhur Şirin Neşat, Oskar Murillo, Şilpa Qupta, Mikelancelo Pistoletto, Taus Maxaçeva kimi rəssamların fərdi və qrup sərgiləri təşkil edilmişdir. ARTIM Layihə Məkanı gənc rəssamlar üçün eksperimental platforma qismində çıxış edərək, Azərbaycanın müasir incəsənətini yeni adlarla zənginləşdirməyə davam edir. 2018-ci ildən YARAT-ın nəzdində olan XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin sərgi proqramı, görkəmli modernist və avanqard rəssamların fəaliyyətini araşdıraraq, onların yaradıcılığını gözlənilməz rakurslarda təqdim etmişdir.

YARAT-ın, 55-ci və 56-cı Venesiya Biennaleləri, Art Dubay Beynəlxalq İncəsənət Yarmarkası, Viennafair Müasir İncəsənət Yarmarkası, Cosmoscow Müasir İncəsənət Yarmarkası və digər irimiqyaslı incəsənət tədbirlərində iştirakı, müasir Azərbaycan incəsənətinin dünyada tanınmasında mühüm rol oynamışdır. Yarandığı gündən YARAT bir çox sərgilərlə yanaşı, ictimai və təhsil proqramları, fotoqrafiya və teatr festivalları təşkil edərək geniş auditoriyanı özünə cəlb etməyi bacarmışdır.

YARAT Müasir İncəsənət Məkanının fəaliyyət dövründə yerli və beynəlxalq miqyasda 194 sərgi, 2000-ə yaxın təhsil və ictimai proqramlar həyata keçirilmişdir.

Bu 10 il ərzində YARAT incəsənət əsərlərindən özünün unikal kolleksiyasını toplamışdır. YARAT-ın kolleksiyasında Azərbaycanın yeni incəsənəti Rəşad Ələkbərov, Rəşad Babayev, Orxan Hüseynov, Aida Mahmudova, Sənan Ələsgərov, Mahmud Rüstəmov, Zamir Süleymanov və digər aparıcı çağdaş rəssamların əsərləri ilə təmsil olunur. Bununla yanaşı, həm də xarici rəssamların əsərlərindən ibarət kolleksiyaya – Oskar Murillo, Şirin Neşat, İdris Xan, Afruz Amigi, Taus Maxaçeva, Koka Ramişvili, Nilbar Güreş kimi dünya şöhrətli rəssamların əsərləri daxildir. YARAT-ın kolleksiyası, Azərbaycanda ilk və yeganə müasir incəsənət kolleksiyası olmaqla yanaşı, həm də təşkilatın 10 il ərzində müasir incəsənətin inkişafında oynadığı rolun bariz nümunəsidir. Kolleksiya və 10 il ərzində müxtəlif sərgilər üçün YARAT-ın sifarişi ilə hazırlanmış əsərlər “ÖN SÖZ – ON SÖZ” adlı yubiley ekspozisiyasında sərgilənəcəkdir.

YARAT tədbirlər həftəsinin proqramı:

9 – 16 dekabr, 2021

  • “ÖN SÖZ – ON SÖZ” sərgisinin açılışı (Daş Salnamə Muzeyi), audiovizual performans (Daş Salnamə Muzeyi)
  • İsfar Sarabskinin solo konserti (Daş Salnamə Muzeyi)
  • “Dance Ability” təşkilatının performansı və film nümayişi (YARAT Mərkəzi)
  • Rəssamlar Rəşad Ələkbərov, Müseyib Əmirov, Aida Mahmudova və Sabina Şıxlinskayanın uşaq və böyüklər üçün ustad dərsləri (YARAT Mərkəzi, Daş Salnamə Muzeyi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi)
  • Ədəbiyyat axşamı (YARAT Mərkəzi)
  • YARAT Film Klub (YARAT Mərkəzi)
  • Panel diskussiyalar (XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi)
  • YARAT haqqında “ÖN SÖZ – ON SÖZ” sənədli filminin nümayişi (Daş Salnamə Muzeyi)

* Qeyd: Giriş COVID pasportu ilə

Media və təsvir sorğuları üçün:

Hökümə Kərimova

Telefon: +994 50 207 8007

E-poçt: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti