...

YARAT ARTIM Layihə Məkanında Erkin Ələkbərlinin “AD INFINITUM” adlı sərgisini təqdim edir (FOTO)

Mədəniyyət Materials 29 Aprel 2022 17:00 (UTC +04:00)
YARAT ARTIM Layihə Məkanında Erkin Ələkbərlinin “AD INFINITUM” adlı sərgisini təqdim edir (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

ARTIM Layihə Məkanında gənc rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Erkin Ələkbərlinin “AD INFINITUM” adlı fərdi sərgisinin açılışı baş tutub.

Trend-in məlumatına görə, sərgi YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil edilib.

30 yaşlı Erkin Ələkbərli Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Rəngkarlıq" fakültəsini 2014-cü ildə bakalavr, 2016-cı ildə magistr üzrə bitirib. Gənc rəssam rəngkarlıq, qrafika, instalyasiya sahələrində işləyir. O, “Günəş şəhəri” (ARTIM Layihə Məkanı, 2021); “Dumanlar başımda dastana döndü” (YARAT Mərkəzi, 2020); “Nə hərb, nə sülh” (ARTIM Layihə Məkanı, 2017) və digər qrup sərgilərində iştirak edib. Erkin Ələkbərli, 2017-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

“AD INFINITUM” sərgisi rəssamın davam edən daxili emosional və mənəvi səfərinin nəticəsidir. Erkinin fərdi sərgisi, müəyyən mənada rəssamın şəxsi etirafına bənzəyir və qarşılıqlı əlaqəli hekayələr, mürəkkəb duyğular, gizli həyəcanlar və sıx müşahidələr ilə zəngindir. Belə ki, rəssam, həyatın “mina sahəsində” təkrar-təkrar baş verən daxili çarpışmalara istinad etmək istəyir. İnsanların talelərinin müxtəlif epizodlarına nəzər salan bu bədii baxışlar, nəticədə silsilə rəsm əsərlərinin yaranmasına səbəb oldu. Rəssam bu əsərlər vasitəsilə, həyat və ölüm, peşmançılıq və günahkarlıq, yaddaş və nostalji, talelər, mütəəssirlik, gerçəkləşməyən və gərgin duyğular, gözləntilər, şübhələr və ikili, təzadlarla dolu olan bir çox digər mövzular ətrafında öz düşüncələrini və araşdırmalarını bölüşür. Sərginin bütünlükdə ab-havası, eləcə də rəssamın kifayət qədər poetik yanaşması Çilinin tanınmış şairi Pablo Nerudanın şeirlərindən ilhamlanıb.

Xüsusi olaraq YARAT-ın sifarişi ilə hazırlanmış məkana uyğun instalyasiyalar, rəngkarlıq əsərləri, eləcə də rəssam üçün yeni eksperiment olan videoinstalyasiya, öz ilhamını rəssamın kəskin melanxoliyasından, eləcə də həyat və sevgini dərk etmək kimi tükənməz arzusundan götürür. Rəssamın fatalist baxış bucağı və melanxolik istinadlarına baxmayaraq, əsərlər ümidsizlik təəssüratını bəxş etmir; əksinə, bu əsərləri, yeni həyata başlamaq məqsədilə bir daha yaşanan, əzəli hisslərin müşahidəsi kimi də qələmə vermək olar. Pablo Nerudanın poeziyasında tez-tez rast gəlinən “dəniz” motivlərini davam etdirən rəssam, mənəvi fəaliyyətimizin ən ali forması olan sevgini yüksəldir.

Sərgi iyunun 26-dək ARTIM Layihə Məkanında davam edəcək (Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti