...

YARAT Müasir İncəsənət Məkanında Ucal Haqverdiyevin "Mövcudluqda ünsiyyət" adlı fərdi retrospektiv sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 27 May 2022 18:40 (UTC +04:00)
YARAT Müasir İncəsənət Məkanında Ucal Haqverdiyevin "Mövcudluqda ünsiyyət" adlı fərdi retrospektiv sərgisi açılıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Azərbaycan rəssamı Ucal Haqverdiyevin "Mövcudluqda ünsiyyət" adlı fərdi retrospektiv sərgisini təqdim edir.

Trend-in məlumatına görə, sərgi fərdi və ictimai kolleksiyalardan toplanmış ekspozisiya, 250-ə yaxın rəngkarlıq və qrafika əsərləri ilə rəssamın yaradıcılığının tam spektrini əhatə edərək, onun bir çox rəsmlərini, eskizlərini, albom qaralamalarını, şeirlərini, şəxsi əşyalarını, eləcə də fotolarını ilk dəfə bir araya gətirir. Əsərlərin əksəriyyəti geniş ictimaiyyətə ilk dəfə təqdim olunur.

YARAT Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Hökümə Kərimova sərgi haqqında və tədbirin keçirilməsinin məqsədi barəsində məlumat verib.

Ucal Haqverdiyevin yaradıcılığı barədə və ümumən sərgi haqqında danışan sərginin kuratoru Fərəh Ələkbərli tədbirin əhəmiyyətindən söhbət açıb. "Rəngkarlıq Muzeyinin fəaliyyətində ilk dəfədir ki, bu qədər çox iştirakçı və qonaq görürük. Bizə xoşdur ki, Ucal Haqverdiyevin sərgisi bu qədər marağa səbəb olub. Bu sərginin ideyası yarananda, məqsəd rəssam Ucal Haqverdiyevi hamının tanıdığı kimi yox, onu çoxşaxəli bir rəssam kimi göstərmək idi. Bugünkü sərgidə biz tamamilə fərqli stilistika və janrlarda olan rəsm nümunələri gördük”.

Çıxışının sonunda F.Ələkbərli bu sərginin araya-ərsəyə gəlməsində əməyi keçən hər kəsə, eləcə də layihənin rəhbəri Leyla Ağayevaya öz təşəkkürünü bildirib.

Ucal Haqverdiyevin həyat yoldaşı, rəssam Yelena Haqverdiyeva onunla bağlı xatirələrini bölüşüb və onun yaradıcılığının ən incə nüansları barədə məlumat verib: “Mənim üçün bu gün çox önəmlidir. Bu səbəbdən də xoşbəxtəm. Sərgini təşkil edənlərə öz təşəkkürünü bildirirəm”.

Sonra rəssamın oğlu Butunay Haqverdiyev mərhum atası haqqında öz xoş təəssüratlarını bölüşərək, sərgidə iştirak edən bütün iştirakçılara minnətdarlığını çatdırıb.

Tədbir Mixail Arxangel kilsəsi xorunun çıxışı ilə davam edib.

“Mövcudluqda ünsiyyət” Ucal Haqverdiyevin “məkanda olması” ideyasını nəql edir. Sərgi rəssamın yaradıcılığının bütün bucaqlarını işıqlandıraraq, onunla səssiz “dialoqda” olmaq imkanını təklif edir. Rəssamın həyatda olmamasına baxmayaraq, sərgi Ucalın məkana “müşahidə” və “nəzarət” etməsi konseptindən çıxış edir. Bu “ünsiyyət” Ucalın “mövcudluğunu” hiss etdirir. Rəssamın daxili aləmindən bəhs edən ekspozisiya, onun şəxsiyyətinin və yaradıcılığının bütün aspektlərini əks etdirməklə, həm də onu daim yeniliklər axtarışında olan mükəmməl kolorist və rəsm bilicisi kimi də təqdim edir.

Ötən əsrin 80-ci illərində yaradıcılıq yoluna başlayan Ucalın müxtəlif janr, istiqamət və növlərdə bədii axtarışları, eksperimentləri məlumdur. Təkcə vizual axtarışlarla deyil, həm də tematik cəhətdən zəngin olan yaradıcılığında rəssam gündəlik mövzulardan savayı (insanlar, heyvanlar, təbiət, əşyalar və s.) təxəyyül və yuxular, eləcə də şərq fəlsəfəsi və dini mövzulara ciddi istinadlar edir. Bu axtarışların nəticəsində Ucal bənzərsiz dəst-xətti ilə müstəsna vizual dilini yaradaraq, öz müxtəlifliyində heç kimə bənzəməyən rəssam kimi incəsənət tarixində qalıb.

Sərginin kuratoru Fərəh Ələkbərlidir. Sərgi mayın26-dan oktyabrın 16-dək davam edəcək.

Qeyd edək ki, Ucal Haqverdiyev (1960-2004) Haqverdiyevlər rəssamlar ailəsinin nümayəndəsidir. 1979-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra, təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam etdirmişdir. O, atası Həsən Haqverdiyevin ölümündən sonra, Kamal Əhmədi və Sənan Qurbanovu özünə müəllim sayıb. U. Haqverdiyev, İtalyan İntibahı, eləcə də neoimpressionizm, kubizm və fovizm kimi modernizm üslubları, həmçinin "Qacar" rəsm məktəbindən ilhamlanıb.

Ucal Haqverdiyevin əsərləri Rusiya, Gürcüstan, BƏƏ, Fransa, Tunis, Avstriya, Almaniya və Türkiyədə sərgilənib; ABŞ, Avstriya, Almaniya, Finlandiya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti