Bakı.Trend:
İşğaldan azad edilmiş ərazilərə 705 tarix və mədəniyyət abidəsi qeydiyyata alınıb. Lakin çoxsaylı dövlət qeydiyyatına alınmayan tarixi və arxeoloji daşınmaz mədəni irs obyektləri də mövcuddur.
Trend xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil edəcəyi “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.
"Dövlət tərəfindən həyata keçirilən bütün önəmli addımlara baxmayaraq, mədəni irsin dağıdılmaqdan xilas etmək mümkün olmayıb. Bunun da səbəbi Ermənistanın Azərbaycana qarşı davam edən 30 illik işğalçılıq siyasəti olub", - deyə nazir müavini əlavə edib.
S.Yusifova qeyd edib ki, azad edilən ərazilərdə aparılan monitorinqlər nəticəsində 2600-dən çox mədəni irs nümunəsinin 95 faizi dağıdılıb, vandalizmə və ya özünküləşdirməyə məruz qalıb.
"İşğal faktoruna son qoyulmasından 3 il keçməsinə baxmayaraq, hələ də monitorinqlər yekunlaşdırılmayıb. Bunun da səbəbi ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə minalanmasıdır. Bizə illərlə vaxt və küllü miqdarda maliyyə vəsaiti lazımdır ki, həmin əraziləri minalardan təmizləyək", - deyə o, qeyd edib.