Azərbaycan, Bakı, 26 oktyabr /Trend/
Oktyabrın 26-da 84 saylı Füzuli seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-nın İdarə Heyətinin üzvü Bahar Muradovanın Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndinin seçiciləri ilə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri, deputatlığa namizəd B.Muradovanın səlahiyyətli nümayəndəsi Almaz Həşimova B.Muradovanın həyat və fəaliyyəti haqqında görüş iştirakçılarına məlumat verdi və onun vəkillərini görüş iştirakçılarına təqdim etdi. Sonra namizədin vəkilləri çıxış edərək respublikamızda keçirilən ən böyük siyasi hadisələrdən sayılan parlament seçkilərinin Azərbaycanın siyasi həyatında və demokratiyanın inkişafında vacib rol oynadığını ifadə edib, seçiciləri bu prosesdə fəal iştirak etməyə çağırıblar.
Daha sonra çıxış edən kənd sakinləri onlara göstərilən yüksək diqqət və qayğıdan söz açaraq B.Muradovaya bu illər ərzində onları ləyaqətlə təmsil etdiyi üçün təşəkkürlərini bildirdilər və bunun davamlı olması üçün bir daha onu seçəcəklərini yekdilliklə ifadə etdilər. Kənd sakinləri öz çıxışlarında hər zaman ölkə başçısının ətrafında olacaqlarını və sıx birləşəcəklərini, elə buna görə də seçkilərdə YAP-ın namizədlərinə səs verəcəklərini bildirdilər. Rayonun son illər ərzində sosial-iqtisadi inkişafından danışan sakinlər bu yüksək diqqət və qayğıya görə cənab prezidentə təşəkkürlərini bildirdilər.
Seçicilər qarşısında çıxış edən B.Muradova seçicilərinə bu cür xoş və səmimi sözlərə görə minnətdarlığını bildirdi. Ona hər zaman dəstək olduqlarını razılıqla ifadə edən B.Muradova bu seçkilərdə də ölkənin inkişafına və gələcək taleyinin çiçəklənməsinə doğru gedən YAP-ın siyasi xəttinə səs verəcəklərinə inamını bildirdi. "Biz bu gün ölkə olaraq, dövlət olaraq əhəmiyyətli bir dövr yaşayırıq deyən", - B.Muradova ölkəmizin növbəti dəfə seçki, seçim qarşısında olduğunu qeyd etdi. "Gələcək həyatımızı, mövqeyimizi, münasibətimizi, tutduğumuz yola, qarşımızdakı hədəflərə münasibətimizi bir daha dəqiqləşdirməliyik və bir daha ifadə etməliyik", - deyən namizəd seçicilərə bu mütəşəkilliklərinə, aktiv vətəndaşlıq mövqelərinə görə təşəkkürünü bildirdi.
Sonda seçicilərlə xatirə şəkli çəkdirildi.