...

Bundestaqın sabiq üzvü: Azərbaycan seçki prosesini uğurla keçəcək

Seçki 2015 Materials 30 Oktyabr 2015 23:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Azərbaycan seçki prosesini uğurla keçəcək. Trend-in məlumatına görə, bunu Almaniyanın tanınmış ictimai-siyasi xadimi, Bundestaqın və AŞ PA-nın sabiq üzvü Hakkı Kəskin Azərbaycanda parlament seçkiləri ilə əlaqədar Seçki-2015.az saytına müsahibəsində deyib.

O, qeyd edib: "2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkilərində Almaniya və Avropa İttifaqını təmsil edən müşahidəçi kimi iştirak etmişəm və əminliklə deyə bilərəm ki, olduğum məntəqələrdə heç bir qanun pozuntusu qeydə alınmamışdı. Digər müşahidəçi dostlarımız da öz rəylərində bizimlə eyni cür düşünürdülər. İnanırıq ki, hazırkı şəraitdə Azərbaycan 5 il bundan öncəkindən də artıq nümunə göstərəcək. 5 il az müddət deyil. Bu müddət ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Bu baxımdan noyabrın 1-də seçkilərin demokratik keçəcəyinə inamım böyükdür".

H.Kəskin bildirib ki, ölkə rəhbərliyi bütün parametrlərdə Azərbaycanı inkişaf etdirməyə çalışır: "Azərbaycanın yerləşdiyi region olduqca həssas, geostrateji və dünyanın böyük güclərinin diqqət mərkəzində olan bölgədir. Dövlət başçınız çox diplomatik və düşünülmüş siyasət aparır. Dövlət səviyyəsində üzünüzü Qərbə tutmaqla yanaşı, güclü Rusiya və İran dövlətləri ilə ikitərəfli münasibətlərə maliksiniz. Türkiyə ilə böyük strateji yaxınlıq, qardaşlıq münasibətləri hökm sürür. Bu, Azərbaycanın inkişaf strategiyasıdır. Ölkəniz daxilən çox sabitdir. Cənubi Qafqaz kimi həssas regionda belə sabit ölkənin olması düşündürücüdür".

O, hesab edir ki, bu gün bəzi Qərb ölkələrinin guya Azərbaycanda siyasi məhbuslar olması, insan haqlarının pozulması kimi bəyanatları qərəzlidir: "Azərbaycanın üstünə getmək və onun bu qədər inkişaf etməsini görməmək haqsızlıqdır. 24 illik gənc dövlətə qarşı təzyiqlər etmək heç bir halda doğru deyil. Bu gün biz açıq-aşkar görürük ki, Azərbaycan bütün çətinliklərə rəğmən inamla inkişaf edir".

Bundestaqın sabviq üzvü əminliklə deyib ki, bunun əsasında dayanan səbəblərdən biri də erməni lobbisinin apardığı çirkin siyasətdir: "Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. 1 milyondan artıq azərbaycanlı qardaş və bacılarımız öz qədim torpaqlarından qovulub, yurd-yuvalarından didərgin düşüblər. Bu gün Ermənistanın bir dövlət kimi Azərbaycana qarşı apardığı çirkin işğalçılıq siyasətini Qərbi Avropada dəstəkləyən və ona müxtəlif donlar geyindirən şəbəkələşmiş erməni lobbisi var. Erməni diasporu və lobbisi həm Azərbaycana , həm də Türkiyəyə qarşı çirkin siyasət aparır və dünya ictimaiyyətini çaşdırmağa çalışır. Şübhəsiz, burada bəzi avropalı siyasətçilərin erməni lobbiçiliyini etməsi çox utancverici haldır. Belə əks-təbliğat aparanlar düşünmürlər ki, onlar bu oyuna gedərək Avropa demokratiyasına xələl gətirirlər. Ona görə də qəti şəkildə bildirirəm ki, bu gün bəzi beynəlxalq qurumların, bəzi Qərb dövlətlərinin Azərbaycana qarşı siyasətinin kökündə dayanan amillərdən biri də məhz erməni lobbisinin çirkin əks-təbliğatı və maliyyə dəstəyidir. Xocalı faciəsi kimi ümumbəşəri bir cinayəti görmək istəməyənlər və buna görə Ermənistana embarqo qoymayanlar Azərbaycanı təcridlə hədələyirlər. Düşünürəm ki, Azərbaycan seçki prosesini uğurla keçəcək və ona qarşı olan təzyiqlərin əbəs olduğunu isbatlayacaq".

Xəbər lenti

Xəbər lenti