Bakı. Trend:
Dağıstan rəhbərliyi 2018-ci ildə Azərbaycan ərazisində yerləşən, lakin Rusiya vətəndaşlarının məskunlaşdığı Uryan-Uba və Xrax-Uba kəndlərindən sakinlərin Dağıstana köçürülməsi üçün 210 milyon rubl ayıracaq.
Trend-in məlumatına görə, bu barədə Dağıstanın İqtisadiyyat və Ərazi İnkişafı Nazirliyi bildirib.
Məlumatda qeyd olunur ki, bu kəndlərin sakinlərinin Azərbaycandan Dağıstan ərazisinə köçürülməsi məsələsinin bu il tam həll olunması planlaşdırılır.
2017-ci ildə Uryan-Uba və Xrax-Uba kəndlərinin 380-ə yaxın sakini yaşayış sahəsinin alınması üçün birdəfəlik ödəniş müqabilində köçməyə razı olduqlarını bildirmişdi.
Qeyd edək ki, 2010-cu ildə Rusiya və Azərbaycan dövlət sərhədi haqqında müqavilə imzalamışdılar. Bu müqavilədə ərazilərin mənsubiyyəti ilə bağlı bütün məsələlər tərəflər arasında razılaşdırılmışdı. 2013-cü ilin avqustunda Rusiya Prezidenti Vladimir Putin Azərbaycan ərazisində yaşayan Rusiya vətəndaşlarının köçürülməsi ilə bağlı tapşırıq vermişdi.