Bakı. Samir Əli - Trend:
Atmosfer havasının mühafizəsi üçün bəzi şadlıq evləri və ictimai iaşə obyektlərində müasir standartlara cavab verən qurğu və avadanlıqlar quraşdırılması vacibdir.
Trend-in məlumatına görə, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat şöbəsində ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva deyib.
O bildirib ki, nazirliyin vəzifəsi əhali narahat edən bütün problemlərlə maraqlanmaqdır: "Fərq etmir, problem böyük şəhərə və ya kiçik bir əraziyə aiddir. Şadlıq evləri və ictimai iaşə obyektlərinin fəaliyyəti müəyyən funksiyalar daşıyır. Obyektlərin çoxalması bəzi sahələrdə inkişaf olsa da, digər tərəfdən insanlara mənfi təsir edir. Bu ziddiyyətləri aradan qaldırmaq üçün nazirlik müvafiq işlər görür. Ona görə də şadlıq evləri və ictimai iaşə obyektlərində yeni cihazlar quraşdırılmalı, havanın çirklənməsinin qarşısı alınmalıdır".