...

Bu il 2 min nəfərdən çox müəllim işə qəbul müsabiqəsinə ötənilki balı ilə qatılacaq

Gündəm Materials 26 İyul 2018 15:41 (UTC +04:00)
Bu il 2 min nəfərdən çox namizəd müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanlarında iştirak etməyərək müsabiqəyə ötənilki imtahanda topladıqları balla qatılırlar.
Bu il 2 min nəfərdən çox müəllim işə qəbul müsabiqəsinə ötənilki balı ilə qatılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il 2 min nəfərdən çox namizəd müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanlarında iştirak etməyərək müsabiqəyə ötənilki imtahanda topladıqları balla qatılacaq.

Trend-in məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

Onun sözlərinə görə, bu ildən müəllimlərin işə qəbul imtahanında topladığı bal iki tədris ili ərzində nəzərə alınır:

“Yəni bu il imtahanda iştirak edən namizəd növbəti ildə də həmin göstərici ilə müsabiqədə iştirak edə bilər. Həmin namizədlər birbaşa müsabiqənin 3-cü mərhələsinə - vakant yerlər seçiminə qatıla bilərlər”.

M.Camalzadə deyib ki, bu il müəllimlərin işə qəbulu imtahanlarında iştirak etmək üçün 51 minə yaxın şəxs qeydiyyatdan keçib:

“Onların 2 min nəfərindən çoxu sırf bu hüquqlarından istifadə etdi. Yəni həmin şəxslər test imtahanında iştirak etmək istəmirlər və ötən il topladıqları göstəricilər əsasında bu ilki müsabiqədə iştirak edəcəklər”.

Mərkəz müdirinin sözlərinə görə, namizəd iki il ardıcıl olaraq, müsabiqədə iştirak edərsə, onun son topladığı bal nəzərə alınacaq və vakant yerlərə yerləşdirmə zamanı həmin bal əsas götürüləcək.

Xatırladaq ki, cari ilin 2-8 iyul tarixlərində aparılan elektron sənəd qəbulu zamanı 50 697 namizəd qeydiyyatdan keçib, ərizələrdəki göstəricilər araşdırıldıqdan sonra 46 839 namizədin ərizəsi qəbul olunub

İyulun 16-da ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun ikinci mərhələsi - test imtahanına start verilib. Bu mərhələ iyulun 31-də bitəcək.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti