...

Baş anestezioloq: Azərbaycanda xaricdən anestezioloqun dəvətinə ehtiyac duyulmur

Gündəm Materials 16 Oktyabr 2018 14:41 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda Azərbaycanda ən mürəkkəb əməliyyatların həyata keçirilməsi məqsədi ilə anesteziya dünya standartları səviyyəsində təşkil olunur.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Baş anestezioloq-reanimatoloqu, tibb üzrə fəlsəfə doktoru Aydın Qədirov deyib.

Onun sözlərinə görə, bu gün respublikanın böyük şəhərləri ilə yanaşı, regionlarda da, habelə ən ucqar ərazilərdə də yüksək səviyyədə maddi-texniki bazaya malik xəstəxanalar tikilərək, lazımi aparat və cihazlarla, dərman preparatları ilə təchiz edilib:

"Xəstəxanaların hər birində bir və ya bir necə əməliyyat otaqları quraşdırılıb. Hətta rayon xəstəxanalarında ən ciddi əməliyyatların aparılması üçün müxtəlif üsulla anesteziyaların tətbiqinə şərait yaradılıb. Müasir dövrdə əsas məsələlərdən biri də kadr potensialının yaradılması və onların peşəkarlıq səviyyəsinin daim yüksəldilməsidir. Hazırda bu sahədə öz vəzifəsinin icrasında yüksək peşəkarlıq nümayiş etdirən böyük anestezioloq-reanimatoloq ordusu formalaşıb".

A.Qədirov əlavə edib ki, respublikamızda icra edilən ən ciddi və iri həcmli əməliyyatların anestezioloji-reanimatoloji təminatını məhz yerli anestezioloq-reanimatoloqlar həyata keçirir və xaricdən bu sahəyə aid olan hər hansı mütəxəssislərin dəvətinə ehtiyac duyulmur:

"Respublikamızın anesteziologiya-reanimatologiya sahəsi istər maddi-texniki vəziyyəti, aparatlar və cihazlarla təchizatı, dərman vasitələri ilə təminatı, istərsə də kadr potensialının səviyyəsi dünya standartlarına müvafiqdir və dünyanin inkişaf etmiş ölkələrinin səviyyəsindən geri qalmır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti