Bakı. Trend:
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib.
Trend-in məlumatına görə, əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev və təntənəli tədbirin iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər, abidəsi önünə gül dəstələri qoydular.
Döyüş bayrağı sıra meydanına gətirildi. Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlət himni səsləndirildi.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi and içdilər.
Andiçmə münasibətilə hərbi hissənin şəxsi heyətini və tədbiri qürurla izləyən valideynləri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin adından təbrik edən general-polkovnik Mədət Quliyev bu gün yaşadığımız sabitliyin və firavanlığın, dövlət müstəqilliyinin nə qədər böyük çətinliklər bahasına başa gəldiyi barədə danışdı. Xidmət rəisi 1990-cı illərin əvvəlindəki Azərbaycanın acınacaqlı vəziyyəti, səriştəsiz rəhbərliklər nəticəsində ölkədəki hakimiyyətsizliyin, iqtisadi böhranın yaratdığı ağır vəziyyətdən, vətəndaş qırğınının baş qaldırmasından, dövlətin faktiki olaraq dağılmaq təhlükəsi ilə üzləşməsi barədə tarixi misallar çəkdi.
General-polkovnik Mədət Quliyev bildirdi ki, yalnız xalqın təkidli tələbi ilə hakimiyyətə Ümummilli Lider Heydər Əliyevin dəvət olunması müasir Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi, müstəqillik qorundu, ölkədə vətəndaş müharibəsinin yerini vətəndaş sülhü tutdu. Respublikada bütün sahələrdə sürətli tərəqqi və inkişaf dövrü başladı.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi qeyd etdi ki, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu və ölçüyəgəlməz tədbirlər nəticəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycanın müstəqilliyi günbəgün güclənir, ölkəmizin müdafiə qabiliyyəti durmadan möhkəmlənir, Silahlı Qüvvələrin hərbi və hərbi-texniki potensialı daha da artırır. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır və bütün bunlar dövlət səviyyəsində ordu quruculuğu üzrə aparılan məqsədyönlü siyasətin bariz nəticəsidir. General-polkovnik Mədət Quliyev zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli borcun yerinə yetirilməsində uğurlar arzuladı.
Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında tribuna önündən keçdilər.
Ulu Öndərin abidəsi önündə xatirə şəkli çəkdirildi.
General-polkovnik Mədət Quliyev əsgər valideynləri ilə görüşərək, onları bu əlamətdar gün münasibətilə bir daha təbrik etdi. Valideynlər hərbi xidmət üçün yaradılan yüksək şəraitə görə möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirərək, övladlarına Vətənin müdafiəsində daim ayıq-sayıq dayanmağı və dövlətə sədaqətlə xidmət etməyi tövsiyə etdilər.
Andiçmə mərasimi bir daha nümayiş etdirdi ki, Silahlı Qüvvələrimizdə hərbi vətənpərvərlik ruhu çox yüksəkdir və müasir Azərbaycan ordusunda xidmətlə fəxr edən gənclərimiz Vətən uğrunda canlarından belə keçməyə hazırdırlar.