...

Təhsil Nazirliyi: Orta məktəblərdə daha çox ibtidai sinif müəllimliyi üzrə vakansiya olacaq

Gündəm Materials 24 İyun 2019 15:45 (UTC +04:00)
Bu il orta məktəblərdə daha çox ibtidai sinif müəllimliyi üzrə vakant yer olacaq.
Təhsil Nazirliyi: Orta məktəblərdə daha çox ibtidai sinif müəllimliyi üzrə vakansiya olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il orta məktəblərdə daha çox ibtidai sinif müəllimliyi üzrə vakant yer olacaq.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, iyunun 24-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilib. İndiyədək 500-dək namizəd qeydiyyatdan keçib.

E.Bağırov əlavə edib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu iyulun 3-dək davam edəcək.

Ötən il rekord sayda - 51 min namizədin müsabiqədə iştirak üçün qeydiyyatdan keçdiyini deyən nazirlik rəsmisi bu il də sənəd verənlərin sayının həmin göstəriciyə yaxın olacağının gözlənildiyini söyləyib.

E.Bağırov əlavə edib ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycanın vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Belə ki, ötənilki müsabiqəyə qatılmış şəxslər həmin nəticələri ilə birbaşa vakansiya seçimində və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Həmçinin ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 10 kurikulum, 10 məntiq olmaqla 60 sual təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər.

Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

E.Bağırov əlavə edib ki, müəllimlərin işə qəbulu üçün test imtahanları 8-24 iyulda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti