...

BDU kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Gündəm Materials 2 Sentyabr 2019 13:31 (UTC +04:00)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) kollektivi bu ali məktəbin təsis olunmasının 100 illik yubileyi münasibətilə sentyabrın 1-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini еhtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qоyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Universitetin kollektivi Bakı Dövlət Universitetinin ilk tədris binasını da ziyarət edib, xatirə fotosu çəkdiriblər.

İslam Şərqində ilk Avropa tipli universiteti yaratmaq yolunda böyük maneələr olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti üç aylıq gərgin mübarizədən sonra 1919-cu il sentyabrın 1-də “Bakı şəhərində Dövlət universitetinin təsis edilməsi haqqında” Qanun qəbul edib. Cəmi iki fakültə ilə fəaliyyətə başlayan universitet ağır sınaqlardan keçərək öz təşəkkülünü tapıb və elə yarandığı gündən millətin qürur mənbəyinə çevrilib.

Bakı Dövlət Universitetinin yubileyinin ölkədə dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 noyabr tarixli Sərəncam imzalayıb. Universitetin yubileyinin keçirilməsi ilə bağlı dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Nazirlər Kabinetinin 2018-ci il 21 may tarixli qərarı ilə yubileyin tədbirlər planı təsdiq edilib. Bu istiqamətdə tədbirlərin gerçəkləşdirilməsinə başlanılıb.

Bu gün 100 yaşlı Bakı Dövlət Universiteti ölkəmizin ali təhsil ocaqlarından ilki kimi elmin və təhsilin inkişafında böyük xidmətlər göstərir. XX əsrin əvvəllərindən başlayaraq BDU Azərbaycan xalqının maariflənməsində, ziyalı təbəqəsinin formalaşmasında, elmi ənənələrin zənginləşməsində mühüm rol oynayır. Azərbaycanın keçən əsrin sonunda ikinci dəfə istiqlaliyyətini elan etməsində, milli dövlətçiliyimizin bərpasında, siyasi və ictimai şüurun formalaşmasında, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında universitetin xidmətləri əvəzsizdir.

BDU ən nüfuzlu informasiya agentlikləri tərəfindən aparılan reytinq müsabiqələrində iştirak edir və dünyanın 800 elitar universiteti sırasında yer alır, 60-dan çox ölkənin 200-dən çox universiteti, elm və təhsil mərkəzləri ilə əməkdaşlıq edir. Universitet Avropa İttifaqının layihələri – TEMPUS-TASİS, ERASMUS MUNDUS, türkdilli ölkələri əhatə edən Mövlanə Mübadilə Proqramı, eləcə də dünyanın tanınmış universitetləri ilə imzalanmış müqavilələrə əsasən tələbə-müəllim mübadilələri həyata keçirir, Fransa, Almaniya universitetləri ilə ali təhsilin magistratura və doktorantura səviyyələrində “ikili diplom” üzrə mütəxəssislər hazırlayır, ənənəvi olaraq tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin mühazirələrini təşkil edir, zəngin maddi-texniki bazası, səriştəli kadr potensialı əsasında gənc nəslin müasir dövrün tələbatına uyğun olaraq hərtərəfli inkişafını, layiqli vətəndaş kimi yetişməsini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti