Bakı. Samir Əli - Trend:
Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları bütün ölkədə böyük ruh yüksəkliyi ilə qarşılanır.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.
Orduya dəstəyi mənəvi borc hesab edən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək məqsədilə aylıq vəzifə maaşlarından ianə ediblər.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Respublikamızın ərazi bütövlüyü uğrunda vuruşan hər bir əsgərlə qürur duyduğunu bildirir.