...

Şuşada yenidən çay içmək 30 illik arzumdur – Məşhur fotoqraf Reza Deqati (ÖZƏL)

Gündəm Materials 10 Noyabr 2020 12:23 (UTC +04:00)
Şuşada yenidən çay içmək 30 illik arzumdur – Məşhur fotoqraf Reza Deqati (ÖZƏL)

Bakı. Elnur Bağışov – Trend:

Şuşada azərbaycanlılarla birlikdə yenidən çay içmək mənim 30 illik arzumdur.

Bunu Trend-ə açıqlamasında dünyaca məşhur fotojurnalist "Şuşada sonuncu çay" fotosunun müəllifi Reza Deqati deyib.

R.Deqatinin sözlərinə görə, Şuşa bütün dünya azərbaycanlıların simvoludur:

"Şuşa bizim mədəniyyət beşiyimiz kimidir. Natəvanın, Bülbülün, Üzeyirin evi mədəniyyət mərkəzidir. Arzum bu idi ki, mən bu məkanlara yenidən qayıdam. 30 ildən sonra bu mənə qismət olacaq.

Təxminən 1992-ci ilin aprel ayında Şuşa ermənilərin mühasirəsində olduğu vaxt, mən oradan çox çətinliklə, dağlardan, meşələrdən gizli şəkildə çıxdım. Oradan çıxan vaxtı mənə kömək edən iki əsgərdən ayrılanda birlikdə oturub çay içdik. Ona görə də söz vermişəm ki, Şuşa azad olduqdan sonra orada azərbaycanlılarla birlikdə oturub çay içim”.

Məşhur fotoqraf bildirib ki, iki əsas məqsədi var: "Birincisi, işğaldan azad olunan bütün ərazilərin fotolarını təmir edilməmişdən öncə çəkərək qeydə almaqdır. Bunların hamısı tarixdə qeydə alınmalıdır ki, qələbəmizdən öncə bizim kəndlərimiz, tarixi abidələrimiz, mədəniyyət abidələrimiz hansı vəziyyətdə idi".

Deqatinin sözlərinə görə, əvvəllər ermənilərin bu qədər dağıntılar törətdiklərini düşünmürdü, bütün tarixi abidələri, mədəniyyət abidələrini, şəhər və kəndləri planlı şəkildə məhv ediblər. Füzulidə, Zəngilanda və digər yerlərdə törədilən erməni vəhşiliyi başqa ölkələrdəki müharibələrdə görülməyib.

Məşhur fotoqraf ikinci məqsədinin isə digər ölkələrdə təsis etdiyi kimi Azərbaycanda da fotojurnalistika sahəsində məktəb yaratmaq olduğunu deyib:

“Eşq olsun Azərbaycan dövlətinə və Azərbaycan xalqına! Bu qələbəni biz 20 yanvar şəhidlərindən tutmuş bütün şəhidlərin hamısına borcluyuq. Bu torpaqlar onların qanı bahasına azad edilib. Mən əminəm ki, Azərbaycanda şəhidlər daim yaşadılacaq və qazilərə böyük qayğı göstəriləcək” .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti