Bakı. Trend:
Qarşıdan xalqımız üçün çox əziz və əlamətdar bir bayram olan 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü gəlir. Bu münasibətlə Bakı Slavyan Universitetinin (BSU) kollektivi Laçın və Kəlbəcər rayonlarında hərbi xidmət edən əsgər və zabitlərimizə bayram sovqatı göndərib. Bayram sovqatı iyunun 23-də BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanovanın rəhbərliyi və şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu, universitetin Filologiya və xarici dil müəllimliyi fakültəsinin builki məzunu,"YAŞAT" Fondunun və "Davam" Gənclər Hərəkatının əməkdaşı Elvin Mirzəyevin, həmçinin Tələbə Gənclər Təşkilatının sədri Cəfər Adilovun , Tərcümə fakültəsinin III tədris ili tələbəsi, "ASAN xidmət" in əməkdaşı Sultan İbrahimlinin, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin IV tədris ili tələbəsi, "ASAN xidmət" in əməkdaşı Rza Əliyevin iştirakı ilə əsgər və zabitlərimizə göndərilib.
Qeyd edək ki, 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində BSU kollektivinin işğaldan azad edilmiş ərazilərimizdə hərbi xidmət keçən əsgər və zabitlərimizə könüllü şəkildə bayram sovqatı göndərməsi bu ali təhsil müəssisəsinin bir daha xalqla, dövlətlə birlik və həmrəylik nümayiş etdirdiyini, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan Ordusunun yanında olduğunu sübut edir.