...

Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi Qrupunun üzvləri Ağdama səfər ediblər (FOTO) (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 29 İyul 2021 12:31 (UTC +04:00)
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi Qrupunun üzvləri Ağdama səfər ediblər (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

İyulun 29-da Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupunun üzvləri Ağdamda səfərdə olublar.

Trend-in Qarabağ bürosu xəbər verir ki, İşçi Qrupunun üzvləri əvvəlcə Ağdam şəhərindəki İmarət kompleksinə gəliblər. Bildirilib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın yaşayış evi, xan karvansarayı, xan hamamı, at tövləsi, cıdır yeri və axur olub. İmarət ərazisində xanın ailə üzvlərinin türbə və qəbirüstü abidələri mövcuddur. Lakin Ağdam şəhəri işğal olunandan sonra Pənahəli xanın sarayı və qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar. İşğal olunan ərazilərdəki məscidlər, məzarlıqlar kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

Ağdamdakı bütün tarixi abidələr, o cümlədən İmarət kompleksi bərpa olunacaq. Bununla bağlı mütəxəssislərin iştirakı ilə müzakirələr aparılıb, müvafiq qeydlər götürülüb.

Arxeoloqların, memarların da daxil olduğu işçi qrupunun üzvləri sonra Ağdam Cümə məscidinə baxış keçiriblər. 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilən məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində də heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı nifrətlərini nümayiş etdiriblər.

İşçi qrupu səfər çərçivəsində Ağdam Dram Teatrının binasının yerləşdiyi əraziyə, XIX əsrə aid Ağdam hamamına, Şahbulaq qalasına, Qiyaslı məscidinə və orta tunc dövrünə aid Üzərliktəpə yaşayış maskəninə baxış keçirib, müvafiq qeydiyyat işləri aparılıb.

İdarələrarası Mərkəzin elm, təhsil, mədəniyyət məsələləri üzrə işçi qrupunun rəhbəri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva jurnalistlərə müsahibəsində bildirib ki, Ağdama səfərdən məqsəd vəziyyətlə yerində tanış olmaqdır. İşçi qrupunun tərkibində alimlər, mütəxəssislər və rəsmi şəxslər var. Dövlətimizin başçısı Ağdamın bərpasının təməl daşını qoyub. Ağdamın böyük gələcəyi var. Ancaq Ağdamın çox gözəl tarixi, keçmişi olub. Onun gələcəyində bu keçmiş də yaşamalıdır. Prezidentin göstərişinə uyğun olaraq artıq layihələr üzərində işə başlanılıb. Ağdamda bərpası və yenidən qurulması mümkün olan abidələrə baxış keçirilir. Gördüklərimizdən sarsılsaq da, xoşbəxtik ki, belə tarixi məqamda belə tarixi məkandayıq. Ermənilər “yenilməz orduları” olduqlarını iddia edirdilər. Ancaq Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu yenilməzliyin nə olduğunu göstərdi. Bizim xalqın quruculuq işində də yenilməzlik ruhu var. Biz onu Ağdamın bərpası zamanı göstərəcəyik.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti