...

Məhkəmə Zığdakı Modul Tipli Hospitalın sabiq baş həkimini ev dustaqlığına buraxmadı

Gündəm Materials 30 Sentyabr 2021 17:23 (UTC +04:00)
Məhkəmə Zığdakı Modul Tipli Hospitalın sabiq baş həkimini ev dustaqlığına buraxmadı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Zığ qəsəbəsindəki Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, təqsirləndirilən şəxslərdən yalnız Qulu Orucov barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib, digər təqsirləndirilənlər isə həbsdədir.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, Rüfət Vəlizadə hospitalda Nəqliyyat şöbəsinin rəhbəri olub.

Qulu Orucov və Taleh İmanlı hospitalda qeydiyyatçı işləyiblər.

Prosesdə həbsdə olan təqsirləndirilən şəxslərin vəkilləri vəsatət verərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər.

Taleh İmanlının vəkili müdafiə etdiyi şəxs barəsində cinayət təbiqinə xitam verilməsi ilə bağlı vəsatət verib.

Həbsdə olan Taleh İmanlı məhkəməyə müraciət edərək istintaqda şok vəziyyətində olduğu, ağır iş rejimindən sonra yorğun olduğu və həmin vəziyyətdə ifadə verən zaman düzgün fikirlər bildirmədiyini deyib. O, istintaqdakı ifadəsindən imtina edib.

Prokuror vəsatətə münasibət bildirən zaman qeyd edib ki, təqsirləndirilən şəxsin əməli təkcə onun ifadəsi ilə deyil, çoxsaylı faktlarla sübuta yetirilib. Buna görə də cinayət təqibinə xitam verilməsinə əsas yoxdur.

Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmənin baxış iclası oktyabrın 7-nə təyin edilib.

İttihama görə İmran Ağayev digərləri ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat alıb.
Həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İmran Ağayevin fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına dair görüntü yaratmaqla COVID-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu “Medi Style” MMC-yə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə cəmi 51 min 600 manatı almasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, İmran Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin vəzifəli şəxsi) mütəmadi olaraq sərbəst şəkildə tibb müəssisəsinin inzibati binasını tərk edərək sərbəst şəraitdə hərəkət etməsinə şərait yaratmasına, həmin hərəkətləri ilə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında İmran Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti