...

Azərbaycan-İran sərhədində atışma olub, bir nəfər zərərsizləşdirilib

Gündəm Materials 7 Dekabr 2021 17:33 (UTC +04:00)
Azərbaycan-İran sərhədində atışma olub, bir nəfər zərərsizləşdirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, 2021-ci ilin 07 dekabr tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq ölkə ərazisinə gəlməyə cəhd etmələri aşkar olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərindəki 2 ədəd bağlamanı ataraq hadisə yerindən geriyə qaçmağa cəhd göstəriblər.

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucularına qarşı silah tətbiq olunmuş və onlardan biri zərərsizləşdirilmişdir. Hazırda həmin sərhəd pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür.

Digər sərhəd pozucusunun axtarışı üzrə daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirilir.

Hadisə yerində aşkarlanmış 2 ədəd bağlamada 4270 ədəd “Marlboro”, “Kent”, “More” markalı siqaret qutusunun olması müəyyən edilib.

Hadisə barədə İran tərəfi məlumatlandırılıb.

Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli zabitləri hadisə yerinə ezam olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti