...

Xocalı faciəsinə həsr olunmuş sərgi keçirilib (FOTO)

Gündəm Materials 25 Fevral 2022 18:08 (UTC +04:00)
Xocalı faciəsinə həsr olunmuş sərgi keçirilib (FOTO)

Bakı. Trend:

Fevralın 25-də Xətai Sənət Mərkəzində Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı Türkiyə və Azərbaycanın tanınmış rəssamı Günay Mehdizadə Zebiçin “Bir baxışla Xocalı faciəsini yaşa” tablosu təqdim olundu.

Trend xəbər verir ki, sərgidə rəssamın xalqızımın başına gətirilən hadisələri, eyni zamanda milli-mənəvi dəyərlərimizi özündən əks etdirən digər tabloları da nümayiş olundu.

Günay Mehdizadə Zebiç bu il Xocalı faciəsini bir başqa cür qeyd etdiyimizi, artıq qələbə ruhlu əsərlərə müraciət etməyin zamanı olduğunu vurğuladı: “ 30 il əvvəl Xocalıda törədilmiş amansız soyqırımını heç vaxt unutmaq olmaz. Tarix göstərir ki, heç bir cinayət cəzasız qalmır. Xocalıdan ayağı yalın, valideynlərinin qucağında çıxan uşaqlar tank belində, qırıcı təyyarələrdə, ağır artilleriyada Qarabağa gedib mərdliklə vuruşaraq Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan qələbə sevincini yaşatdılar.

Hər bir yaradıcı rəssam tarixi bir əsər yaratmaq arzusu ilə yaşayır. Mən Atatürk, Heydər Əliyev kimi tarixi liderlərin portretlərini dəfələrlə yaratmışam. Amma demək olar ki, Xocalı faciəsinə həsr etdiyim bu əsərim mənim ilk böyük həcmli tarixi əsərimdir. Məqsədim bir kitabı bir baxışda izah edərək, dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdırmaqdır. Mən bu tablo üzərində çalışanda da sonda qələbənin yaxında olduğunu kiçik nüanslarla qeyd etmişdim. Heç bir faciə qiyamətə qalmır, Xocalıda yaşananlar kimi. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Ziyadxan Əliyev əsəri şəhid şəhərə, Xocalıya bir abidə kimi səciyyələndirdi. Vurğuladı ki, sənət adamları tarixi faciələrimizi sənətdə ədəbiləşdirərək gələcək nəsillərə ötürməlidir.

Xalq rəssamı Ağəli İbrahimov isə qeyd etdi ki, Xocalı hadisələri Azərbaycan xalqının ən acı səhifəsidir: “Günay xanımın bu tablosu çoxfiqurludur. Açığı belə əsərləri çəkmək çox çətindir. Günay Mehdizadə Zebiç bunun öhdəsindən peşəkarlıqla gəlib. Bu əsərə baxanda biz böyük bir faciə yaşandığını görürük. Klassik realizm gələcəyin yaddaşıdır. Lap 100 il keçsə də biz bu əsərə baxanda Xocalıda nələrin yaşandığınım şahidinə çevrilirik. Müsair əsərlərdə isə informasiya olmur. Bu baxımdan Günay Zebiçin təqdim etdiyi tablo gələcək nəsil üçün böyük töhvədir. Rəssamlara da deyirəm ki, elə əsərlər işləmlisiniz ki, o xalqın yaddaşı ola bilsin. Əsərdə fikir, ideya yoxdursa bu ruhsuz, ölü insandır. Ona görə bu əsər olduqca çətin və maraqlıdır”.

Qeyd edək ki, tədbirin sonunda Günay Mehdizadə Zebiçə mükafat təqdim edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti