...

Abşeronda şəhid ailələri və qazilər üçün Novruz şənliyi keçirilib (FOTO)

Gündəm Materials 15 Mart 2022 17:34 (UTC +04:00)
Abşeronda şəhid ailələri və qazilər üçün Novruz şənliyi keçirilib (FOTO)

Bakı. Trend:

Abşeron rayonunda Novruz bayramı ilə əlaqədar olaraq ümumrayon bayram şənliyi keçirilib. Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalandakı Mədəniyyət Evində baş tutan şənlikdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, YAP Aberon Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.

Dərdə Qorqud və Bahar qızının iştirtakçıları salamlaması, xeyir-duası, yazın gəlişini müjdə verməsi abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatmışdır.

Sonra şəhid Elşad Həsənovun oğlu Səid Həsənlinin, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin və qazi Vasif Allahverdiyevin iştirakı ilə bayram tonqalı qalanmışdır. Meydanda alovlanan tonqal qədim Oğuz yurdunun bir parçası olan Abşeronda Novruz şənliyinin ən maraqlı məqamlarından biri olmuşdur. Kosa ilə Keçəlin müşayəti ilə müxtəlif mahnılar oxunmuş, xalqımızın birliyinin rəmzi olaraq Yallı rəqsi oynanılmışdır.

Bundan sonra Abşeronun müəllim kollektivlərinin hazırladıqları bayram guşələrinə baxış keçirilmişdir.

Xalqımızın milli–mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar, ümumtəhsil məktəblərinin novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları, şerləri, folklor kollektivlərinin maraqlı çıxışları, xalçalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır. Milli geyimli qızlar bayram xörəklərini nümayiş etdirmiş, şənlik iştirakçılarını şirniyyata qonaq etmişlər.

Tədbirin rəsmi hissəsində çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələrini və qaziləri Novruz bayramı münasibəti ilə təbrik edərək bildirilmişdir ki, ölkəmizdə Novruz bayramı artıq daha coşqu, daha möhtəşəm qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazandığımız zəfər xalqımızın başını uca etmiş, 30 il işğal altında olan dədə-baba yurdlarımızda bayram tonqalları qalamaqla nəticələnmişdir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun sayəsində vətənimizin ərazi bütövlüyü təmin olunmuşdur.

Respublikamızın bütün ərazilərində olduğu kimi Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının göstərildiyini qeyd edən başçı bunun dövlət siyasəti olduğunu vurğulamışdır. Şəhid ailələri və qazilər həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısını hiss etməkdədirlər.

Daha sonra Abşeron Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Vətən Müharibəsi Qəhrəmanı şəhid Veysəl Musibovun anası Səməngül Musibova, şəhid Nurlan Mustafayevin həyat yoldaşı Günay Mustafayeva, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və qazi Vasif Allahverdiyev çıxış edərək Azərbaycan xalqını təbrik etmiş, şəhid ailələrinə və qaziləırə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlıqları ifadə etmişlər.

Sonda tanınmış incəsənət xadimləri və Abşeron Mədəniyyət Evinin kollektivi tərəfindən konsert proqramı təqdim edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti