...

“Ceyranları qoruyaq!” adlı növbəti ekoloji yay düşərgəsi keçirilib (FOTO)

Gündəm Materials 18 İyul 2022 19:22 (UTC +04:00)
“Ceyranları qoruyaq!” adlı növbəti ekoloji yay düşərgəsi keçirilib (FOTO)

Bakı. Trend:

İyulun 13-15-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” proqramının gənclərin maarifləndirilməsi və inkişafı istiqaməti üzrə “Ceyranları qoruyaq!” adlı növbəti ekoloji yay düşərgəsi keçirilib.

Birlikdən Trend-ə bildirilib ki, IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Ümumdünya Təbiəti Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən düşərgəyə Qax rayonundan 60-a yaxın məktəbli qoşulub.

“Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə, o cümlədən onların məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənc nəsli maarifləndirməkdir.

Düşərgə zamanı məktəblilər ceyranların həyat tərzi, ölkəmizdə məskunlaşma tarixi, yayıldığı ərazilər və təbiətdəki rolu, nadir canlı növünün populyasiyasının bərpası üzrə görülən işlər və uğurlar haqda təqdimat, təlim və ekskursiyalarda iştirak edib, o cümlədən müxtəlif ekoloji müsabiqələrə və ətraf mühitlə bağlı əyləncəli bilik yarışmalarına qoşulublar. Uşaqlara təbiətdə komandalararası ekoloji oyunlar, fauna növlərimizin ayaq izləri əsasında təyin edilməsi üzrə çalışmalar keçirilib, təbiət ərazilərində təhlükəsizlik qaydaları izah edilib. Sonda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.

“Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanılıb və hazırda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla icra olunmaqdadır. Bu illər ərzində 150 başdan artıq ceyran Şirvan Milli Parkından Azərbaycan və Gürcüstandakı tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya edilmişdir, onların daimi monitorinqi və mühafizə işləri həyata keçirilməkdədir. Proqram ceyranların sayının artırılması və mühafizəsinə yönəlsə də, onun əsas istiqamətlərindən biri ictimaiyyət arasında maarifləndirmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün təşkil edilən bu cür yay düşərgələri mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, uğurlu işlərin nəticəsi olaraq, hazırda Azərbaycan Respublikasında ceyran populyasiyasının sayının 7 min başa qədər olduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti