Bakı. Trend:
Bakı. Ağır Cinayətlər Məhkəməsində paytaxtın Yasamal rayonu ərazisjndəki evlərdən birində yaşlı qadına qarşı quldurluqda təqsirləndirilən Tural Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Prosesdə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, o, Elmira Bayramovanın evinə qanunsuz daxil olarkən səs-küy salmasın deyə onun ağzını bağlayıb.
"Evə daxil olanda Elmira xanımdan oğlu Fuadı soruşdum. Taksi sürücüsü olduğum üçün Fuadı müştəri kimi tanıyırdım. Dedim ki, Fuad mənə pul borcludu. Bu adla evə daxil olub qadının ağzını əlimlə tutdum. İttihama yazılıb ki, əlimdə bıçaq olub. Mənim əlimdə heç bir soyuq silah olmayıb. Evdən bir ədəd mobil telefon oğurlamışam",-təqsirləndirilən şəxs deyib.
Prosesdə ifadə verən zərərçəkmiş E. Bayramova isə bildirib ki,
evindən oğurlanan telefon sonradan ona qaytarılıb: "Evdə tək idim.
Qapı döyüldü, açdım, məni itələdi, girdi içəri.
Qışqırdım, ağzımı tutdu. Dedi, pul, qızıl hardadır. Dedim tapsan,
mənə də verərsən. Yaxşı ki, pensiyamı almamışdım. Yoxsa aparacaqdı.
Mənə dedi ki, oğlun pul borcludu. Mənə inanmadı, pul qabıma da
baxdı, gördü pul yoxdu. Telefonu götürüb getdi".
İttihama görə, Bakıda taksi fəaliyyəti ilə məşğul olan 1992- ci il təvəllüdlü Tural Əhmədov Yasamal rayonunda Elmira Bayramovanın evinə quldurluq yolu ilə daxil olaraq onu bıçaqla hədələyib, ondan pul və qiymətli əşyaları tələb edib. Qadının səs-küy salmasından sonra T. Əhmədov qadına məxsus mobil telefonu götürərək hadisə yerinə qaçıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T. Əhmədov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 181-ci( quldurluq) maddəsilə cinayət işi başlanıb.