Şuşa. Trend:
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 24-cü gündür ki, davam edir.
Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid daha bir təminat maşını Laçından Xankəndi istiqamətinə maneəsiz keçib.
Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 15-ə çatıb. Həmin avtomobillərdən 3-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə, 12-si isə Rusiya sülhməramlılarına məxsusdur.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 24 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.