Şuşa. Trend:
Rusiya sülhməramlılarının növbəti maşın karvanının Laçın yolundan maneəsiz keçidinə şərait yaradılıb.
Trend-in Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus 6 təminat avtomobili Xankəndidən Laçın istiqamətinə keçib.
Bu gün səhər saatlarında Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya sülhməramlılarına məxsus daha bir neçə avtomobilin yoldan keçidinə şərait yaradılmışdı.
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 34 gündür ki, davam edir.
Dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.