Bakı. Trend:
Şuşa şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib.
İclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruq İdarəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Publik Hüquqi Şəxsin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Publik Hüquqi Şəxsin nümayəndələri iştirak edib.
İşçi Qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Nazirlik tərəfindən Şuşa rayonu ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbiət əraziləri, eləcə də Xocalı və Şuşa rayonlarının inzibati ərazisində nadir təbiət komplekslərinin, xüsusilə tarixi və paleontoloji abidələrin qorunması və etalon ərazi kimi saxlanılması məqsədilə 1988-ci ildə yaradılmış Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin yenidən bərpası istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat vermişdir. Rayon ərazisində mövcud olmuş 8526,0 ha meşə fondu sahəsinin meşə ilə örtülü 2972,8 hektarı və Daşaltı Dövlət Təbiət Yasaqlığının (ümumi sahəsi 450,0 ha) 50,0 hektarı məhv edilmişdir. 90-cı illərdə qeydiyyata alınmış 8 mineral-xammal yatağından 4-ü istismar edilmişdir. Ermənistan tərəfindən 30 illik işğal dövründə ətraf mühitə vurulmuş ziyana görə beynəlxalq hüquqi müstəvidə qiymət verilməsi ilə əlaqədar məsələyə cəlb olunmuş ekspertlərlə birgə məlumat mübadiləsi aparılır.
Şuşa şəhəri ərazisində hidrometeoroloji şəbəkənin bərpası istiqamətində bütün lazımi sensorlarla təchiz edilmiş avtomat meteoroloji stansiyanın quraşdırılması işləri yekunlaşdırılmışdır. Bu stansiyanın quraşdırılması ilə Şuşa rayonunun iqlim şəraitinin qiymətləndirilməsinə, meteoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinin artırılmasına nail olunub. Regionda hidrometeoroloji xidmət səviyyəsinin artırılması rayon ərazisində fəaliyyəti nəzərdə tutulan istehsal və kənd təsərrüfatı sahələri üçün çox faydalıdır.
İşğaldan azad edilmiş ərazilərdə aparılan intensiv abadlıq və quruculuq işləri ilə yanaşı ətraf mühitin bərpası ilə bağlı tədbirlərin görülməsinə zərurət yaranmışdır. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şuşa şəhərində olan mövcud yaşıllıqların bərpası ilə yanaşı yeni salınacaq yaşıllıqlarda istifadə olunacaq ağac və kolların bioekoloji xüsusiyyətləri nəzərə alınmaqla siyahısı tərtib olunmuş və əkin tipinə görə təsnifatı hazırlanmışdır.
Şuşa rayonu ərazisində yerləşən “Topxana meşəsi”nə bitişik olan 1,5 ha torpaq sahəsində və Şuşa şəhərinin giriş hissəsinin sol tərəfində 0,02 ha torpaq sahəsində yerli şəraitə uyğun ağac növləri əkilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda Xüsusi
Nümayəndəliyinin təmsilçisi tərəfindən Azərbaycanın xüsusi tarixi,
mədəni və strateji əhəmiyyətə malik olan Şuşa şəhərinin bərpası və
yenidən qurulması, gələcək inkişafının təmin edilməsi məqsədilə
planlaşdırma və layihələndirmə işləri barədə məlumat verildi.
Şuşada aparılan tikinti-quruculuq, bərpa işləri çərçivəsində
ekoloji məsələlərə xüsusi diqqət ayrıldığı qeyd olundu. Şuşanın Baş
Planına uyğun olaraq evlərin və digər obyektlərin inşası
layihələrinin hazırlanmasında yaşıl zolaqların, parkların
salınmasının nəzərə alındığı və tikintisi nəzərdə tutulan
ərazilərdə yerləşən ağacların qorunub saxlanılması və yeni əraziyə
köçürülməsinin təmin olunduğu bildirildi.
Şuşa rayonunun əlverişli coğrafi mövqeyi və zəngin təbiəti xidmət
və turizm sahələrinin inkişafı üçün geniş imkanlar yaradır. Xüsusi
Nümayəndəlik digər aidiyyəti qurumlarla birgə tikinti-quruculuq
layihələrini planlaşdırarkən öz doğma yurdlarına qayıdacaq
şuşalılar və qonaqlar üçün rahat və sağlam yaşayış mühitinin
yaradılmasını, ekoloji standartlara cavab verən innovasiya
metodlarının reallaşmasına xüsusi diqqət ayırır. Şuşa şəhərinin və
ətraf ərazilərin inkişaf konsepsiyası hazırlanarkən rayon
ərazisində yerləşən çayların, Daşaltı Dövlət Təbiət Yasaqlığının,
minerallarla zəngin Turşsu su mənbəyinin imkanlarını turizm
sahələrinin inkişafında nəzərə almaq planlaşdırılır.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə bərk məişət
tullantılarının idarə olunması barədə iştirakçılara məlumat
verilmişdir. Belə ki, Şuşa şəhərində bərk məişət tullantılarının
“Təmiz Şəhər” ASC tərəfindən idarə edilməsi davam etdirilir.
Şəhərdə 70 meydançada 121 konteyner yerləşdirilmişdir. Şuşa Şəhəri
Dövlət Qoruğu İdarəsi ilə birlikdə perspektivdə quraşdırılacaq
yeraltı tullantı konteynerləri üçün 6 ədəd tullantı meydançası
quraşdırılmışdır. Şuşa şəhərində əmələ gələn tullantıların idarə
edilməsi üçün müasir tələblərə uyğun 6 ədəd xüsusi texnika və 4
çeşidli yeraltı konteynerlər alınmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Faiq
Mütəllimovun təqdimatında işğaldan azad edilmiş ərazilərdə dövri
iqtisadiyyatın təmin edilməsi və təbii sərvətlərdən səmərəli
istifadə olunması istiqamətində Ağdam rayonunun Kəngərli kəndinin
bərpa və yenidənqurulması zamanı yaranan tikinti-söküntü
tullantılarının təkrar emalına başlanıldığı qeyd olunub.
Belə ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri nəticəsində tikinti və söküntü tullantılarının həcminin artması ilə əlaqədar Ağdam rayonunda başlanılan pilot layihənin məqsədi tullantıların dayanıqlı şəkildə idarə olunmasını təmin etməkdir.
Qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən BMT-nin Ətraf Mühit Proqramının ekspertlərinin iştirakı
ilə Şuşa şəhəri və Ağdam rayonu ərazisindəki dağıntılardan
götürülmüş nümunələrin laborator təhlilləri aparılıb və bu
tullantıların təkrar emal edilərək tikintidə istifadəyə yararlı
olduğu müəyyən olunub. Növbəti mərhələdə bu fəaliyyətin
genişləndirilərək işğaldan azad edilmiş digər ərazilərdə də tətbiqi
ilə bağlı tədbirlər görülür.
Ekoloji məsələlər üzrə İşçi Qrupun üzvü, AMEA-nın vitse-prezidenti,
akademik İradə Hüseynova öz çıxışında Ulu Öndərin dediyi kimi,
Şuşanın hər bir azərbaycanlı üçün çox yüksək dəyərə malik olduğunu
qeyd edib. Müzəffər Azərbaycan ordusu tərəfindən torpaqlarımız
işğaldan azad edildikdən sonra Qarabağa “Elmin Böyük Qayıdışı” üçün
yaradılmış şəraitdən istifadə edərək elmi təşkilatlar və alimlər
tərəfindən regionda, eləcə də Şuşa şəhəri və ətraf ərazilərdə
kompleks bioloji və radioekoloji monitorinqlərin həyata
keçirildiyinə, torpaq və su resurslarının tədqiq edildiyinə diqqət
çəkib. Sonra akademik İradə Hüseynova Şuşa rayonunun, o cümlədən
Daşaltı Dövlət Təbiət Yasaqlığının landşaftı, torpaq örtüyü,
bioloji müxtəlifliyi, zəngin flora və faunası, bu ərazilərdə mövcud
olan və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşmüş nadir
növlər haqqında məlumat verib. Müvafiq elmi tədqiqat institutları
tərəfindən aparılmış bioloji, radioekoloji, mikrobioloji
monitorinqlərin nəticələri ilə toplantı iştirakçılarını tanış
edib.
Akademik İradə Hüseynova AMEA Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə son 2 ildə keçirilmiş konfrans və elmi seminarlarda Şuşa rayonuna xüsusi diqqət yetirildiyini, 22-23 sentyabr 2022-ci ildə “Şuşa İli”nə həsr edilmiş “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın bağlanış mərasiminin Şuşada, Cıdır düzündə keçirildiyini bildirib.
Çıxışının sonunda AMEA-nın vitse-prezidenti bu günlərdə dünyaca nüfuzlu Springer Nəşriyyatında ingiliscə nəşr edilmiş kitabda 2 iri həcmli fəslin Qarabağın dərman və qida əhəmiyyətli bitkilərinə və onların yerli azərbaycanlı əhali tərəfindən istifadəsinə həsr edildiyi barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi
tərəfindən Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən
qurulması işləri barədə məlumat verilib. Şuşa şəhərini dayanıqlı
içməli su ilə təmin etmək məqsədilə layihənin birinci mərhələsi
çərçivəsində yeni su anbarlarının inşa olunduğu qeyd olunub. Belə
ki, Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları
sisteminin yenidən qurulması layihəsindən perspektiv inkişaf nəzərə
alınmaqla 25 min nəfər faydalanacaq. Şəhərin içməli su tələbatı
mövcud Kiçik Kirs, Zarıslı mənbələri və 2022-ci ildə istismara
verilmiş Zarıslıçay su anbarı hesabına ödəniləcək, eləcə də su
təchizatında dayanıqlığın təmin olunması məqsədilə ümumi həcmi 6
min kubmetr olan 3 su anbarı layihələndirilib. Birinci anbarın
tikintisinin cari ilin sonuna qədər yekunlaşdırılması
planlaşdırılır. Şəhərdə formalaşan tullantı sularının tam
təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada
8000 m3 olan tullantı sutəmizləyici qurğunun tikintisi
planlaşdırılır. Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət
sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb. İlin
müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində
məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin
yaradılması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Zarıslı
çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı anbar,
nasos stansiyası və 2,9 km uzunluğunda yeni təzyiqli kəmər inşa
edilib. 2022-ci ilin dekabrında yeni mənbədən şəhərə suyun
verilməsi təmin edilib. Gələcəkdə Zarıslıçay su anbarı
genişləndirilərək tutumu 7,5 milyon m3-ə çatdırılacaq.
İclasda həmçinin dəvət olunan digər qurumlar tərəfindən
tikinti-söküntü tullantılarından təkrar xammal materialı kimi
istifadə perspektivləri, yol-infrastruktur layihələrinin icrası
zamanı ətraf mühitə minimum təsirə nail olunması, Şuşa şəhərində
yaşıllıqların mühafizəsi və zənginləşdirilməsi perspektivləri, Şuşa
yolunun tikintisi işlərində tələb olunan xammal təminatı, həmçinin
işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq
işləri ilə bağlı daxil olan müraciətlər barədə və Şuşa şəhəri
ərazisində icra olunan layihələrin ekoloji qiymətləndirilməsi
məsələləri müzakirə edilib.
İclasdan sonra iştirakçılar Daşaltı Dövlət Təbiət Yasaqlığını və
Topxana meşəsini müşahidə etmiş və Şuşa şəhərində qurulmuş avtomat
meteoroloji stansiyanın işi ilə tanış olmuşlar.