Bakı. Trend:
Elgiz Abbasov və Zaur Hacı-Məhərrəmovun ilkin müalicələri tamamlanıb evə yazıldı, bundan sonra ambulator şəraitdə müalicə alacaqlar.
Trend xəbər verir ki, bu barədə Liv Bona Dea Hospitalın mətbuat xidmətindən məlumat verilib.
"Sənan Abdullayevin ümumi vəziyyəti stabildir. Onun da müalicəsi tamamlanmaq üzrədir, önümüzdəki günlərdə evə buraxılması planlaşdırılır.
Sürücü Qafarlı Rasimdə bud-çanaq oynağının sınığına görə əməliyyat planlaşdırılır. Şahgəldiyev Aslanın əməliyyat sonrası reanimasiya müalicəsi artıq bitib. Bu gün palataya köçürülüb. Stasionar şəraitdə müalicəsi davam etdirilir.
Elxan Səmədovun müalicəsi isə reanimasiya şəraitində davam edir, önümüzdəki günlərdə müxtəlif nahiyələr üzrə ortopedik və rekonstruktiv əməliyyatlar planlaşdırılır", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, 16 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.