...

Antalya Diplomatiya Forumunda 100-dən çox ölkə təmsil olunacaq

Gündəm Materials 28 Fevral 2024 12:48 (UTC +04:00)
Antalya Diplomatiya Forumunda 100-dən çox ölkə təmsil olunacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Antalya kurort şəhərində martın 1-dən 3-dək regional, qlobal və tematik məsələlərin müzakirə ediləcəyi III Diplomatiya Forumuna hazırlıq işləri başa çatıb.

Trend forumun Təşkilat Komitəsinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçiriləcək bu mötəbər tədbirə 100-dən çox ölkədən 4 minə yaxın qonaq, o cümlədən 20 dövlət və hökumət başçısı dəvət olunub.

Türkiyə XİN-in nümayəndəsi Oncu Keçeli bildirib ki, “Böhran dövründə diplomatiyaya aksent” mövzusunda keçiriləcək forumda 60-dan çox ölkənin xarici işlər nazirləri, həmçinin 80-ə yaxın beynəlxalq və regional təşkilatın nümayəndələri iştirak edəcək.

Forum çərçivəsində 50 müxtəlif sessiya və panel iclaslarının təşkili nəzərdə tutulur. Bununla yanaşı, Prezident Rəcəb Tayyib Ərdoğanın bu tədbirin platformasında ayrı-ayrı ölkələrin liderləri və nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

2023-cü ildə Türkiyədə dağıdıcı fevral zəlzələlərinin fəsadları üzündən Antalya Diplomatiya Forumu təxirə salınmışdı. Bir il əvvəl isə onun işində 17 dövlət başçısı, 80 xarici işlər naziri və 40-dan çox beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişdi.

Qeyd edək ki, foruma Azərbaycandan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov, xarici işlər naziri Ceyhun Bayramov, energetika nazirinin müavini Kamal Abbasov, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Milli Məclisin deputatı Tural Gəncəliyev qatılacaq.

Forumda, həmçinin, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti