...

Bakı-Tbilisi-Ceyhan neft kəmərində baş vermiş partlayış araşdırılır

Hadisə Materials 6 Avqust 2008 11:51 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan neft kəmərində baş vermiş partlayış araşdırılır

Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir S.İlhamqızı/ Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyənin Ərzincan vilayətindən keçən hissəsində baş vermiş partlayış araşdırılır. Bu barədə Trend -a "Botaş" şirkətindən məlumat verilib.

Türkiyə KİV-nin bu gün yaydığı məlumata görə, qəza gecə saat 00.00 radələrində Ərzincan-Refahiyə yolunun 60-ci kilometrliyində, Yurtbaşı kəndi yaxınlığında baş verib. Partlayışın səbəbləri hələlik məlum deyil.

Yanğının 50 metr yüksəkliyə qalxdığı bildirilir. Əraziyə təhlükəsizlik qüvvələri gətirilib, yanğının yaxınlıqdakı 10 min hektarlıq meşə sahəsinə keçməməsi üçün tədbirlər görülüb.

Partlayışın baş verdiyi ərazinin 15 mertliyindən keçən qaz xəttində qazın verilişi Ankaradan dayandırılıb.

Boru kəmərinin 6 kilometrlik hissəsindəki xam neft tam yandıqdan sonra yanğının sönəcəyi gözlənilir.

Partlayış nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir.

"Botaş"ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdürü Əhməd Akta Trend -a bildirib ki, şirkət hadisənin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görməyə başlayıb. O, hadisənin tam araşdırılmasından sonra nəticəsi və səbəbləri barədə mediaya açıqlama veriləcəyini bildirib.

BTC-nin mətbuat xidmətinin rəhbəri İlhan Deneri də Trend -a açıqlamasında hadisənin baş verdiyini təsdiqləyib. O, partlayışın səbəbləri barədə açıqlama verməyib və bildirib ki, ətraflı və dəqiq məlumatlar partlayışın araşdırılmasından sonra veriləcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti