Azərbaycan, Bakı, 13 dekabr/ Trend / Bakıda yaşayış binasında baş verən partlayış zamanı altı nəfər yaralanıb, - paytaxtın Nizami rayonu İcra Hakimiyyətindən Trend -a bildiriblər.
Şənbə günü Bakıda uçmuş binanın dağıntıları altından həlak olmuş iki nəfərin cəsədi çıxarılıb, - şahidlər hadisə yerində Trend -un müxbirinə bildiriblər. Trend -un müxbirinin verdiyi xəbərə görə, yaralanmış 68 yaşlı qadın paytaxtın 5 saylı xəstəxanasının yanıq şöbəsinə çatdırılıb, bir kişi və bir qadın isə ağır vəziyyətdə kliniki xəstəxanaya yerləşdirilib.
Şənbə günü səhər saat 8.30-da Nizami rayonunda bazarın qarşısında yerləşən binada partlayış baş verib. Nəticədə binanın bir bloku tamamilə dağılıb.
Müxbirin hadisə yerindən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım briqadaları hadisə yerində işləyir, xilasetmə işlərinə xüsusi öyrədilmiş itlər cəlb edilib.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və "Azəriqaz" QSC-nin rəhbəri hadisə yerinə gəlib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]