...

Nardaran qəsəbəsində deputat haqda ölüm fitvasının verilməsi ilə bağlı cinayət işi başlanılıb - Daxili İşlər Nazirliyi

Hadisə Materials 12 Yanvar 2009 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir S.Kazımlı/ Azərbaycan paytaxtının Nardaran qəsəbəsində keçirilən mitinq zamanı ölkə parlamentinin deputatı haqda ölüm fitvasının verilməsi ilə bağlı cinayət işi başlanılıb, bazar ertəsi Trend -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Trend -un arayışı: Yanvarın 9-da Nardaran qəsəbəsindəki "İmam Hüseyn" meydanında İsrailə etiraz əlaməti olaraq növbəti aksiyada VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı ölümlə hədələnib. Kənd ağsaqqalları Azərbaycanın bəzi ziyalılarının xalqa yalan məlumat verdiyini, bununla millətə xəyanət etdiklərini deyib.

"Sabir Rüstəmxanlı kimi vicdansız ziyalılar millətə xəyanət edir, Azərbaycanın dərdini açıqlayan "Səhər" (İran kanalı nəzərdə tutulur - red.) kanalına böhtan atır. Bu hərəkətlərinə görə onun barəsində Nardaran ağsaqqalarından biri tərəfindən ölüm fitvası çıxarılıb. Sabir Rüstəmxanlı, sən bundan sonra cangüdənlərinin sayını artır" - etiraz aksiyasında açıqlanıb.

DİN-in mətbuat xidmətinin məlumatına görə, yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən piket zamanı çıxış edənlərdən birinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sabir Rüstəmxanlını öldürmək barədə dediyi fikirlərlə əlaqədar Sabunçu rayon Polis İdarəsi tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (134-cü) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda araşdırmalar aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]



Xəbər lenti

Xəbər lenti