Azərbaycan, Bakı, 19 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/
Azərbaycanın Şəmkir (paytaxt Bakıdan 400 kilometr qərbdə) rayonunda polislərlə yerli sakinlər arasında insident baş verib.
Şəmkir rayon Prokurorluğundan bazar ertəsi Trend -a verilən məlumata görə, rayon ərazisində dünən yol-nəqliyyat qəzası baş verib.
Rayon polis şöbəsinin əməkdaşlarının hadisə yerinə toplaşan rayon sakinlərini oradan uzaqlaşdırmaq cəhdləri insidentlə nəticələnib. Sakinlər polisə müqavimət göstərib. Prokurorluqdan bildirilib ki, hadisə zamanı bir neçə polis əməkdaşı xəsarət alıb.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb.
Rayon sakinlərinin məlumatına görə, oktyabrın 18-də Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.
Tovuz rayon Düzqırıxlı kənd sakini Məmmədov Ayaz Cəmil oğlunun idarə etdiyi "VAZ 2107" markalı, 60 BK 240 dövlət nömrə nişanlı avtomobil piyadalar, Həsənov Ələddin Vəli oğlu və Hüseynli Anar Zirəddin oğlunu vurub. Hər iki şəxs yerindəcə dünyasını dəyişib.
Sakinlər bildirib ki, hadisə Dövlət Yol Polisi əməkdaşlarının idarə etdiyi 10 YP 851 və 10 YP 853 dövlət nömrə nişanlı BMW markalı avtomobillərin "VAZ 2107"ni qovarkən baş verib. Hadisədən sonra yüksək sürətlə hərəkət edən DYP avtomobillərindən biri həlak olan piyadalardan birinin üzərindən keçib.
Bu da sakinlərlə polis əməkdaşları arasında insidentə səbəb olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]