...

ÇL-dən kənarlaşdırılmış "Fənərbağça"nın baş məşqçisi istefa verdi

Hadisə Materials 25 Avqust 2011 11:51 (UTC +04:00)
Türkiyənin "Fənərbağça" futbol klubunun baş məşqçisi Aykut Kocaman bu gün komandasının 2011-2012-ci il mövsümündə UEFA Çempionlar Liqasında iştirak edə bilməyəcəyi barədə xəbərin ardından istefa verib.
ÇL-dən kənarlaşdırılmış "Fənərbağça"nın baş məşqçisi istefa verdi

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Türkiyənin "Fənərbağça" futbol klubunun baş məşqçisi Aykut Kocaman bu gün komandasının 2011-2012-ci il mövsümündə UEFA Çempionlar Liqasında iştirak edə bilməyəcəyi barədə xəbərin ardından istefa verib. Trend-in məlumatına görə, bu barədə CNN Türk xəbər yayıb.

Dünən Anadolu agentliyi Türkiyə Futbol Federasiyasının (TFF) bəyanatına istinadən xəbər verib ki, "Fənərbağça" Çempionlar Liqasında iştirak edə bilməyəcək.

Çərşənbə axşamı TFF-yə göndərilən məktubda UEFA bəyan edib ki, "Fənərbağça" danışılmış oyunların təşkili ilə bağlı işin araşdırılması səbəbindən bu mövsüm Çempionlar Liqasındakı oyunlardan imtina etməlidir.

"Çərşənbə günü TFF İcraiyyə Şurası növbədənkənar iclasında "Fənərbağça"ya, eləcə də TFF-yə qarşı tətbiq edilə biləcək ağır intizam sanksiyalarını nəzərə alaraq, "Fənərbağça"ya Çempionlar Liqasında iştirakı qadağan etmək barədə qərar qəbul edib", - federasiyanın bəyanatında deyilir.

Danışılmış oyunların təşkilində şübhəli bilinən futbol məmurlarının saxlanılması üzrə polisin əməliyyatı iyulun 3-də səhər tezdən Türkiyənin 12 əyalətində, o cümlədən İstanbul və Ankarada eyni vaxtda başlayıb.

Türkiyə telekanallarının məlumatına görə, "Fənərbağça"nın prezidenti 2010-2011-ci il mövsümündə İstanbul klubu ilə "Əskişəhərspor" komandası arasında keçirilən və "sarı-lacivərdlər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşan razılaşdırılmış oyunla bağlı işin araşdırılması çərçivəsində saxlanılıb.

Türkiyə KİV-i saxlanılanların sayının artacağını istisna etmir. Bunun hətta 150-dək yüksələcəyi deyilir. Lakin bu məlumat hələ ki rəsmi mənbələrdən təsdiqlənməyib.

Bu, türk polisinin futbolda korrupsiyaya qarşı həyata keçirdiyi ikinci böyük əməliyyatdır. "Hürriyət" qəzetinin internet saytı xatırladır ki, 2010-cu ilin mart-aprelində Türkiyənin məşhur məşqçilərinin və futbolçularının olduğu 55 nəfər nəzarətə alınmışdı.

Xəbər lenti

Xəbər lenti