Azərbaycan, Bakı, 30 avqust /Trend/
ABŞ-da "Ayrin" qasırğasının qurbanlarının sayı 35 nəfərə çatıb. Xilasedicilərin məlumatına görə, hazırda daha çox ölüm halı Nyu-Cersi və Şimali Karolina ştatlarında qeydə alınıb. Bu ştatlarda 6 nəfər həlak olub. Qasırğanın tüğyan etdiyi ölkənin şərq sahillərinin bir çox rayonları su basmış və ştatın digər hissələri ilə əlaqələri kəsilmiş vəziyyətdə qalır. Trend-in məlumatına görə bu barədə "Associated Press" xəbər verir.
ABŞ-ın Qasırğalara nəzarət üzrə Milli Mərkəzi məlumat verir ki, "Ayrin" "posttropik fırtına" səviyyəsinədək zəifləyib. Hazırda ABŞ-ın şərq sahilləri üçün qasırğa təhlükəsi barədə xəbərdarlıq ləğv edilib.
"Ayrin" qasırğası ABŞ ərazisinə avqustun 27-də çatıb. Qasırğa nəticəsində regionun hava və aviasiya əlaqəsi kəsilib, yüzlərlə insan təxliyyə olunub.