Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda soyğunçuluqla məşğul olan şəxslər zərərsizləşdirilib.
Bakı şəhər Baş Polis İdarəsindən şənbə günü Trend-ə verilən məlumata görə, oktyabrın 16-da naməlum şəxs Abbas Şərifzadə küçəsində yerləşən internet klubda orada işləyən Bakı şəhər sakini Asiman Abdullayevi ayağı ilə vuraraq əlindən 200 manatını alaraq qaçıb.
Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Əliyev oktyabrın 18-də tutulub.
Cinayətin digər iştirakçısı Cəmil adlı şəxsin tutulması istiqamətində tədbirlər keçirilib.
Müəyyən edilib ki, o, Cəmil adlı şəxslə birlikdə oktyabr ayında müxtəlif vaxtlarda Yasamal rayonu ərazisində Yasin Əliyevin, Müslüm Tağıyevin, İlkin Əliflinin, Zöhrab Həbibovun, Ayəddin Məmmədovun, Nurlan İsmayılovun, Cavid Bağırovun, Orxan Məmmədovun, Vüqar Xəlilovun, Azər Yaqubovun, Fəxri Hüseynovun işlədiyi mağazalara və Vaqif İsmayılovun işlədiyi aptekə daxil olub pul xırdalamaq adı ilə hər birindən 50 manat, Müşviq Əliyevin və Müşviq Abdullayevin işlədiyi mağazalara daxil olaraq isə eyni yolla 20 manat alaraq qaçıblar.
Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin digər iştirakçısı Bakı şəhər sakini Cəmil Parlanov oktyabrın 21-də 28-ci polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.