Azərbaycan, Bakı, 16 noyabr / Trend müxbir İ.İsabalayeva/
Bu ilin oktyabr ayı ərzində əhali arasında 48 qida zəhərlənməsi hadisəsi baş verib.
Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, zəhərlənmə hadisələrindən 51 nəfər zərərçəkib. Zəhərlənmələrin 2-i botulizm hadisəsi nəticəsində baş verib. Bundan 4 nəfər zərərçəkən olub, 1 nəfər vəfat edib.
Oktyabr ayı ərzində respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya nümunələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 45 müəssisənin sahibkarı inzibatı qaydada cərimələnib, 19 obyektin istismarı dayandırılıb, 28 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 643, mikrobioloji göstəricilərinə görə 565, toksikoloji göstəricilərinə görə 71, radioloji göstəricilərinə görə 30 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 15-də orqanoleptik və fiziki-kimyəvi, 13-də mikrobioloji, 4-də toksikoloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.
Şadlıq evlərindən 2093 yaxma, 31 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 54-də mikrobioloji çirklənmə aşkarlanıb.