Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:14-də yayılıb)
Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir T.Cəfərov/
Cümə axşamı İranın Nişapur şəhərində baş vermiş zəlzələ nəticəsində 100 nəfər yaralanıb. Bu barədə İRNA agentliyi xəbər yayıb.
Nişapur Fövqəladə hallar idarəsinin rəisi Hödcətəli Şayanfər bildirib ki, xəsarət alanlardan 17 nəfər xəstəxanalarda yerləşdirilib, 83 nəfər isə ambulator tibbi yardım göstərilərək evə buraxılıb.
Onun sözlərinə görə, yaralananların əksəriyyəti müxtəlif sınıqlar şəklində zədələnib.
Bu gün İranın Məşhəd şəhəri və onun ətraf bölgələrində güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi xəbər verir.
Məlumata əsasən, zəlzələ 5,5 bal gücündə olub. Zəlzələ əsasən Məşhəd, Nişapur, Çinaran, Səbzivar və digər bölgələrdə hiss olunub.
Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 16:07-da baş verdiyini bildirib.
Məşhəd şəhəri İranın Xorasan-e Rəzəvi əyalətində yerləşir. Bu şəhərdə səkkizinci İmam Rzanın (ə) ziyarətgahı yerləşdiyi üçün çox sayda zəvvar dünyanın müxtəlif bölgələrindən ziyarət məqsədilə bu şəhərə səfər edir.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.