Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir E.Mehdiyev/
Güclü qar dünən günün ikinci yarısından Lerik rayonunun 50-yə yaxın kəndini elektrik enerjisiz qoyub.
Buna 35 kilovoltluq elektrik yarımstansiyasında baş verən qəza səbəb olub. Bu barədə Trend-ə Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov deyib.
Məlikov bildirib ki, mövcud vəziyyətlə bağlı "Azərenerji" ASC-yə məlumat verilib və bu gün rayona kömək göndəriləcəyi bildirilib.
Yollar buz bağladığından və nəqliyyatın hərəkəti çətinləşdiyindən bölgədə ictimai nəqliyyat demək olar ki, işləmir, insanlar rayon mərkəzinə və işə getməkdə çətinliklərlə üzləşiblər. Hazırda bölgədə yağıntı səngiyib.
Həmçinin yolların buz bağlaması səbəbindən Lənkəran-Lerik və Masallı-Yardımlı yollarında avtomobillərin hərəkəti çətinləşib.
Məlikov bildirib ki, hazırda Lerik və Yardımlı rayonlarının mərkəzində qarın hündürlüyü 40, kəndlərdə isə 80 sm-dən artıqdır.
Hazırda bölgənin aran rayonlarında 5, dağlıq rayonlarında isə 8-10 dərəcə şaxta müşahidə edilir.
Dünən günorta saatlarından başlayaraq Lerik və Yardımlı rayonlarına gedən avtomobil yollarına duz-qum qarışığı səpilir. Lakin davam edən intensiv qar görülən işlərin nəticəsiz qalmasına səbəb olur.
Qeyd edək ki, fevralın 7-dən Azərbaycan ərazisində havanın temperaturu kəskin düşüb. Bakıda çovğun başlayıb və havanın temperaturu səhər saatlarında mənfi 9-10 dərəcə olub.
Azərbaycanın əksər rayonlarında qarlı və şaxtalı hava şəraiti hökm sürür. Qeyri-sabit hava şəraiti fevralın 10-na kimi davam edəcək.