Azərbaycan, Bakı, 9 dekabr /Trend/
Bu gecə Bakıda yük maşını ilə minik maşını toqquşub, nəticədə bir nəfər ölüb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakının Yasamal rayonunda "VAZ" markalı minik avtomobili və "KAMAZ" markalı yük avtomobili toqquşub. Nəticədə, hər iki avtomobil deformasiyaya uğramış, "VAZ" markalı minik avtomobilin sürücüsü 1974-ci il təvəllüdlü Məmmədov Murad Həsənəli oğlu hadisə yerində vəfat etmişdir.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:32-də başa çatmışdır.
Yasamal Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Zərdabi küçəsi 81-də 1974-cü il təvəllüdlü Murad Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 1986-cı il təvəllüdlü Arif Muradovun idarə etdiyi "KAMAZ" markalı yük avtomobili toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində keçinib, sərnişinləri Razi Dursunov (1986), Aqil Məmmədov (1989), Rüstəmov Rüstəm (1991), Sultanzadə Gündüz (1983), İsmixan Mirzəyev (1991) müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.