...

“Muxtar” İrandan Azərbaycana narkotik maddə keçirilməsinə imkan vermədi

Hadisə Materials 29 Mart 2013 12:35 (UTC +04:00)
Biləsuvar gömrükçüləri İrandan Azərbaycana narkotik maddə keçirilməsinin qarşısını alıblar.
“Muxtar” İrandan Azərbaycana narkotik maddə keçirilməsinə imkan vermədi

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İzzət/

Biləsuvar gömrükçüləri İrandan Azərbaycana narkotik maddə keçirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Türkiyə Respublikası vətəndaşı Aras Osman Alaettin oğlunun idarə etdiyi "Scania" markalı, KHK624/VV113 dövlət nömrə nişanlı yük avtomobilinə "Muxtar" ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı həyata keçirilmiş və itin reaksiyasına əsasən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə qoşqunun içərisindəki döşəmədə xüsusi düzəldilmiş metal lövhənin altında gömrük nəzarətindən gizlədilmiş 52 bağlamada ümumi çəkisi 26 kiloqram 60 qram narkotik vasitə-heroin aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində aparılmış istintaqla müəyyən edilib ki, Türkiyə Respublikası vətəndaşı Aras Osman Alaettin oğlu satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmə barədə İran İslam Respublikasında bir qrup şəxslə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib, bu məqsədlə İran İslam Respublikasında külli miqdarda, 26 kiloqram 60 qram heroin narkotik vasitəsini əldə edib. O, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi yük avtomobilinin qoşqusunun içərisində gizli saxlanc yerində yerləşdirilib və Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərib.

Aras Osman Alaettin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən şübhəli şəxs qismində tutulub, ona ittiham elan edilib və Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti