Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İzzət/
Azərbaycan gömrükçüləri İrandan gələn avtobusda oturacağın altında narkotik vasitə aşkar ediblər.
Dövlət Gömrük Komitəsindən Trend-ə bildiriblər ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı Xalıfe Şamasbı Esmael Xalıfehmohammad oğlunun idarə etdiyi "Scania" markalı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib.
Baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtobusun sərnişin oturacaqlarından birinin alt tərəfindən, oturacaqla oturacağa bərkidilmiş metal dayağın arasından 1 ədəd bükümdə, xalis çəkisi 0,510 qram olan narkotik vasitə - tiryək aşkar olunaraq götürülüb.