Azərbaycan, Bakı, 13 mart /Trend/
Gəncədə tələbə qız dəm qazından zəhərlənərək həyatını itirib.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Adil İsgəndərov küçəsi, ev 6 ünvanında olub. Yevlax rayon sakini, Gəncə Dövlət Universitetinin birinci kurs tələbəsi, 19 yaşlı Süleymanova Aygün Vasif qızı kirayə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Aygünün həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Tovuz rayonunda da ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayonun Yanıxlı Məşədilər kənd sakini 13 yaşlı fiziki qüsurlu Zəminə Mustafayeva evdə qazı yandırmaq istəyərkən alov onun paltarını alışdırıb. Hadisə baş verən zaman zərərçəkmiş evdə tək olub. Köməksiz vəziyyətdə qalan 13 yaşlı qız yanaraq dünyasını dəyişib.
Z.Mustafayevanın meyiti Tovuz Rayon Mərkəzi Xəstəxanasının Patoloji Anatomiya Birliyinə gətirilib. Meyitin müayinəsi zamanı məlum olub ki, bədənin çox hissəsi yanıb.
Hazırda faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.